Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.12.2022

Uğurun memarı

İdmanda çox maraqlı bir “adət” var. İdmançı qalib gələndə çempion olur, məğlub olanda isə, hamının gözləri baş məşqçiyə zillənir, ondan hesab sorulur. Bunun doğru və ya yanlış olduğunu mübahisələndirmək fikrimiz yoxdur, sadəcə, əgər məğlubiyyətin məsuliyyətini ilk növbədə məşqçilər daşıyırsa, deməli, qalibiyyət də ilk olaraq onların triumfudur.

Əməkdar məşqçi, polis baş serjantı Hikmət Hacıyev məhz belə məşqçilərdən olduğunu həm yerli, həm də beynəlxalq yarışlarda dəfələrlə sübut edib. Ötən ilin göstəriciləri də sözlərimizi təsdiq edir.
Belə ki, DİN İdman Cəmiyyətinin Kikboksinq bölməsi 2022-ci ildə beynəlxalq və yerli turnirlərdə iştirak edərək ümumilikdə 80 medal qazanıb. Bu medalların 25-i qızıl, 20-si gümüş, 35-i isə bürünc olub. Bununla yanaşı, Hikmət Hacıyevin baş məşqçisi olduğu Kikboksinq bölməsi öz aktivinə 3 Komanda Kuboku əlavə etməklə, kubok sayını 20-yə çatdırıb.

Keçirilən yarışlarda klubun gənc və yeniyetmə döyüşçüləri ilə yanaşı, daxili işlər orqanlarının əməkdaşları da öz güclərini müvəffəqiyyətlə sınayıblar. İl ərzində idmançı həmkarlarımızın uğurları barədə dərc etdiyimiz çoxsaylı yazılar bunun bariz nümunəsidir. Bir sözlə, idmançılarımızın nailiyyətlərinin memarlarından biri də baş məşqçi kimi, Hikmət Hacıyevdir.

Qəzetimizə növbəti ilin planlarından danışan H.Hacıyev deyib ki, qarşıdan gələn il İstanbulda gənclər və yeniyetmələr arasında keçiriləcək Avropa birinciliyinə hazırlaşırlar: “Bundan başqa, Portuqaliyada böyüklər arasında dünya çempionatı olacaq. İnanıram ki, milli komandanın tərkibində çıxış edən polis əməkdaşları da nailiyyətlər qazanacaqlar. Bunun üçün məşqlərimizi ardıcıl olaraq davam etdiririk”.

R.Mehtiyev





Çap et  Çap et