Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.12.2022

Şuşadan “Polis” qəzeti üçün...

Şuşada son dəfə 1990-cı ildə, 8 yaşımda olmuşdum. Elə o zaman da rus hərbçiləri gəlib Qarabağda yerləşmişdilər, yollarda postlar qurmuşdular, Ağdamdan Şuşaya gedəndə o postlardan keçib gedirdik. Yadımdadır, Xankəndindən keçəndə erməni uşaqları maşınlarımızı daşa basır, qadınları isə "kül başınıza" mənasını verən əl hərəkəti edirdilər.

Dişimiz bağırsağımızı kəssə də dinməzcə yolumuza davam edərdik.
İşğal illərində həmişə ürəyimdən keçirdi ki, kaş, Şuşanı azad edəydik, gedib Şuşadan Xankəndinə düşən dolanbac yolun başında dayanaydım, oradan həm uşaqlığıma baxaydım, həm də uca səslə: “Ay erməni, bir bəri bax, gör, kimin başına kül oldu?!”,- qışqıraydım.

Şükürlər olsun, qəhrəman əsgərimiz Şuşanı azad etdi, daşını-torpağını əsarətdən, milli qürurumuzu töhmətdən qurtardı. Məramım ermənilərin ekoloji terroruna “dur” demək üçün aksiyada iştirak etmək olsa da - o müqəddəs diyarı ziyarət edə bildim. Sözün açığı, çox həyəcanlı idim, ürəyim köksümdə döyünmürdü, dördnala çapırdı.
Yolda aradabir ləngər vuran avtobus yırğalandıqca xatirələrimin beşiyini yelləyir, o günlərə qayıdırdım.

Şuşaya çatanda qaranlıq çökmüşdü, narın-narın səpən yağış uşaq yuxularımın hopduğu daş küçələri oyadırdı. Bəlkə elə 30 ilə yaxın yapışıb qalan günahları da yuyurdu. Və ən qəribəsi, - bilmirəm, bu, Allahın hədiyyəsiydi, ya nəydi - Şuşada ilk ayaq qoyduğum yer illərlə arzuladığım, ermənilərdən soruşmaq istədiyim o sualın xəyalını qurduğum yer idi.

Bura indi Laçın dəhlizi adlanır, o vaxt biz Ağdam-Şuşa yolu deyirdik.
Aksiya dəhlizi iki yerə bölüb. Tən ortada odlar yurdunun ocağı yanır, ətrafında isə etiraza gələnlər gah şüar səsləndirir, gah mahnı oxuyur, gah da öz fikirlərini bölüşürdülər. Kənarda yekə bir samovar qaynayır. İlahi, qismətdə bir soyuq Şuşa gecəsində ocaq başında çay içmək də varmış... Qarşı tərəfdə dayanmış sülhməramlıların gözlərində narahatlıq, yorğunluq hiss olunur. Çay təklif edirik, komandirlərindən çəkinirlər deyə alıb içmirlər. Görünür, onlara bərk-bərk tapşırıblar ki, bizimlə ünsiyyət qurmasınlar.

İlk baxışdan bəlli olur ki, burada təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub, hamıda bir arxayınçılıq var. Şuşanın ətəyində, Laçın dəhlizinin ikiyə ayrıldığı bu yerdə “mənim əsgərim də, mənim polisim də məni qoruyur” sözü lap yerinə düşür. Doğrusu, arxamızı dağ kimi oğullara dayamağımızın iftixarı adamı qürrələndirir. DİN Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçuları nizam-intizamla növbə dəyişir. Görkəmləri, gözləri “sinəmiz sizə atılan daşa, tuşlanan gülləyə sipərdir”,- deyir sanki.

Səhər açılanda bir dağlara, bir də əsgərlərimizə baxdım və əmin oldum ki, o dağlar yalnız bu dağ vüqarlı əsgərlərə, xüsusi təyinatlılara əmanətdir.
Bir neçə addımlıqda yerləşən Şuşa polisinin məntəqəsi güvənimizi bir qədər də artırır. Orda polislərimiz rəsmi olaraq polis-vətəndaş müstəvisində deyil, əsl doğma insan, qardaş münasibətilə xidmət edir deyə bilərəm. Şuşa Şəhər Polis Şöbəsinin rəisindən tutmuş, bütün polis əməkdaşlarının diqqətini, qayğısını elə hiss edirdik ki, deyərdin, onlar bizi, hətta, yağışda islanmaqdan belə qorumağa çalışırlar.

Şuşada polis əməkdaşlarına baxdıqca, bir anlıq yenə uşaqlığıma qayıtdım. Ağdamın Mərzili kəndində Tahir Əliyev adlı “drujinaçı” var idi, amma hamı ona “uçastkovıy” kimi baxırdı. Kəndimizin qanun təmsilçisi o idi. Birinci Qarabağ müharibəsi başlayanda iki qardaşı ilə cəbhəyə getdi, qardaşları şəhid oldu, özü isə itkin düşdü və bugünəcən ondan xəbər-ətər yoxdur. Müharibə başlayanda evimizin yanındakı uşaq bağçasını hərbi hissəyə çevirmişdilər, “polis əmi” dediyimiz Tahir Əliyev ora tez-tez gəlirdi.

Yaddaşımda vətənpərvər asayiş keşikçisi kimi qalıb deyə, onun silahdaşlarını Şuşada görmək sevinclə kədər hissinin qucaqlaşmasına oxşayırdı. Qeyri-ixtiyari öz-özümə pıçıldadım: “Tahir əmi, yaşayırsansa, daha bəsdir gəl, yoxsansa, ruhun şad olsun, bax, Şuşada qanun təmsilçilərimiz var!”...

Artıq üzərində dayandığımız bu yol Haqq yolu, Şuşa yoludur. Adına Laçın dəhlizi deyilən Ağdam-Şuşa yolunda hər gecə yandırdığımız ocaqlar, yolumuzun işığıdır. Artıq qaranlıq yollar bizlik deyil...

Nəhayət, dolanbac yolun başında dayandım, üstdən aşağı xeyli baxdım. Elə "ay erməni..." hayqırmaq istəyirdim ki, gördüm, 8 yaşlı Məzahir mənə baxır. İçimdəki səslə onu haraylasam da, cavab vermədi. Anası gəlib əlindən tutdu, onlar Xankəndinə, Xocalıya, Ağdama tərəf getdilər, mənsə, avtobusa qayıtdım...

Məzahir Məmmədov
Jurnalist, aksiya iştirakçısı





Çap et  Çap et