Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.11.2022

50-dən başlayır ömrün payızı...

Onun haqqında yazacaqlarımız bir neçə günlük və ya bir neçə saatlıq müşahidənin, düşüncənin məhsulu deyil. Sınaqlardan “üzü ağ” çıxmış uzaq illərin yaxın tanışıyıq. Yəqin ki, DİN-in mətbəəsinə yolu düşən, oradan işi keçənlər də çap sahəsində əsas dəzgahın yanında dindirəndə dinən, dindirməsən bütün fikrini-zikrini səs-küylü aparata cəmləyib işini görən saçlarına xəfifcə qar ələnmiş Dimanı görməmiş olmaz.

Axı, əsgər silahından ayrı qalmadığı kimi, o da bir qayda olaraq çap dəzgahının yanından çox uzaqlaşmır. Dost-tanışın Diması, başqaları üçün isə Dünyamutdin Mərdanov ömrünün nə az, nə çox - 13 ilini beləcə mətbəə işinə həsr edib. Bu günlərdə isə zəhmətlə yoğrulmuş həyatının 50 ilini haqlayıb, ömrünün ikinci yarısına adladı... Bu yaş yarım əsri geridə qoymaqla yanaşı, həm də yenidən başlamaq, nəfəsini dərib, ömrün zirvəsinə doğru günbəgün, ilbəil addımlamaq, yüksəlmək deməkdir.

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mətbəədə daxili işlər orqanları üçün dərc edilən jurnal, qəzet, buklet, blank, ümumiyyətlə rəngli çap məhsullarında elek-
tron avtomatın operatoru Dünyamutdinin zəhməti, gözünün nuru var. İndi əlinizdə tutduğunuz bu qəzetimizin hər səhifəsinin, hər fotosunun üzərində sizdən əvvəl onun nəzərləri gəzib, zərrəbinlə rəngləri tənzimləyib və nəhayət, həmişə yanında gördüyümüz dəzgahın çap düyməsini sıxıb. Hətta, hansısa dəzgahda xırda-para nasazlıqlar yarananda, mexanik kimi əl əməyini də qatır onun içinə. Deyir, mürəkkəb texniki avadanlıq və rənglərlə işləməyi əvvəlki işçilərdən öyrənib, indi isə özü davamçısını yetişdirir, gənc çap operatoruna bu peşəni öyrədir.

Yubilyarı kollektiv adından təbrik edən mətbəənin mühəndis-texnoloqu Zöhrab Məmmədov onun çox dəyərli işçi, etibarlı yoldaş, qayğıkeş ailə başçısı olduğunu söyləyərkən sözlərinin səmimiyyətinə heç bir şübhəmiz yox idi. Çünki bu sözlər başqası haqqında yox, Dünyamutdin haqqında deyilirdi. Dünyamutdinin həm yubiley yaşının, həm də işini layiqincə yerinə yetirməsini nəzərə alan Maddi-Texniki Təminat Baş İdarəsinin rəhbərliyi tərəfindən xüsusi qaydada mükafatlandırılması da mətbəənin rənglərlə işləyən işçisinə münasibətin bariz nümunəsidir.

Yaş üstünə yaş gəldikcə insan durulaşır, sakitləşir deyirlər. Bunu yubilyarımız da təsdiq edir, ancaq illərə təslim olmur. Simasındakı həmişəki təmkinli təbəssüm isə onun zəhmətsevər həyatında yeni səhifə açıldığını gizlətmir. Ömründən yarım əsr keçsə də, hələ yarım əsrin qabaqda olduğu inancında və arzusundayıq.
Deyir ki, 50 yaşı mənə ayna xatırladır, o da baxandan-baxana...

Rəşad Mehtiyev
Fotolar: Nicat İbadov





Çap et  Çap et