Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

13.11.2022

Bir məktubun izi ilə...

“Azərbaycan Polisinin xidməti rəğbətə layiqdir. Ölkə vətəndaşı olaraq görülən işləri görməzdən gələ bilmirəm. Dəfələrlə dara düşən insanlara polisin həssaslıqla yanaşaraq kömək göstərməsinin şahidi olmuşam. Ona görə də təşəkkürümü qələmə almağı özümə borc bildim”. Bu sözlər Qorxmaz Abdurrahmanovun redaksiyamıza daxil olan təşəkkür məktubundandır.

Məktubda əcnəbi vətəndaşın cibgirlər tərəfindən oğurlanan pulunun özünə qaytarılmasında, səhhətində problem yaranan sürücünün xidməti maşınla xəstəxanaya çatdırılmasında, Vətən müharibəsində yaralanan əsgərlərə, qazilərə yardım göndərilməsində məhz Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayiət Eskort Bölüyünün 3-cü taqımının komandiri, polis mayoru Namiq Mustafayevin xüsusi fədakarlıq nümayiş etdirdiyi də qeyd olunub.

Taqım komandiri N.Mustafayevlə dislokasiya üzrə təhkim olunduğu ərazidə uzun israrımızdan sonra görüşə bildik. Yol hərəkəti iştirakçıları ilə nümunəvi davranışı, nəzakətli ünsiyyəti deyilənlərin və yazılanların bariz nümunəsi idi.

Barəsində təşəkkür məktubu ünvanlayan vətəndaşa isə həmkarımızın cavabı belə oldu: “Qardaşımıza deyin ki, uşaqlığı müharibənin odlu-alovlu illərinə təsadüf edən, döyüşlərdə ölümlərdən sıyrılan bir atanın balası bu millətə, bu Vətənə layiqli, fədakar xidmətilə qürur duyur, onların xeyir-duası onu, o isə yollarda sizləri qoruyur”.

Ruslan Vəliyev,
polis baş leytenantı





Çap et  Çap et