Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.10.2022

Oğurluğa cəhdin qarşısı alınıb

Paytaxtda və bölgələrdə polisin mühafizəsinə verilən şəxsi evlər, eləcə də obyektlər günün 24 saatı etibarlı şəkildə qorunur desək yanılmarıq. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində oğurluğa cəhdin qarşısının elə anındaca alınması bunu deməyə əsas verir.

Belə ki, oktyabrın 24-də saat 22:03 radələrində xüsusi texniki vasitələrlə qorunan evlərdən birindən DİN Baş Mühafizə İdarəsinin kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə həyəcan siqnalı daxil olub. Alınmış məlumat əsasında əraziyə gələn Xətai RMİ-nin tutucu qrupunun əməkdaşları, polis baş serjantı Ceyhun Hüseynov və polis serjantı Kamran Hüseynli yüksək peşəkarlıq nümayiş etdirərək evə oğurluq məqsədilə girən şəxsi saxlamağa nail olublar.
Oğurluğa cəhdin qarşısının alınması, eyni zamanda evin mühafizəsinin tam təmin olunması barədə aidiyyəti üzrə RMİ-nin rəhbərliyinə məruzə edən əməkdaşlarımız təqsirkarı Xətai RPİ 37-ci Polis Şöbəsinə təhvil veriblər.

İlkin araşdırma zamanı saxlanılan şəxsin zərərçəkmişin qonşusu E.Hüseynzadə olduğu və hadisəni tamah məqsədilə törətdiyi müəyyən olunub. O, qonşusunun həmin gün toyda olacağını bildiyi üçün oğurluğu öncədən planlaşdırdığını, evə girərkən orada işləyən usta ilə əlbəyaxa olaraq onun əlinə yerdən tapdığı küt alətlə xəsarət yetirdiyini, polislər gələn zaman isə yaşadığı ünvana qaçaraq mənzilinin zirzəmisində gizləndiyini etiraf edib.
Faktla bağlı toplanmış materiallar Xətai Rayon Məhkəməsinə göndərilib.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et