Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.10.2022

Dəymiş maddi ziyan ödətdirilib

Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini Azad İbrahimov etibarından sui-istifadə edərək ona küllü miqdarda maddi ziyan vuran Əflatun adlı şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinə şikayət edib. Ərizə əsasında İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

İdarənin əməkdaşları dələduzluq əməli törətməkdə şübhəli bilinən Əflatun Quliyevi saxlayıblar. Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs zərərçəkmişin Suraxanı rayon Əmircan qəsəbəsindəki faktiki yaşadığı ünvana çıxarış alacağı və onun adına rəsmləşdirəcəyi adı altında yalan vəd verərək 2500 manatını ələ keçirib. Bir müddət sonra o, müxtəlif bahanələr gətirməklə işin uzandığını deyib. Aralarında müəyyən vaxt ərzində bir neçə dəfə danışıqlar apardıqdan sonra Ə.Quliyev tərəfindən aldadıldığı qənaətinə gələn A.İbrahimov ona dəymiş maddi ziyanın qaytarılması üçün polisdən kömək istəyib.

İşin təfərrüatları barədə qəzetimizin suallarını cavablandıran İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tural Hacıyev prosesin yekunlaşdığını, dələduz şəxs barəsində mövcud qanunvericiliyin tələbləri əsasında tədbirlərin görüldüyünü, eləcə də vətəndaşa dəymiş maddi ziyanın tam ödətdirilməsi ilə vətəndaş məmnunluğunun təmin olunduğunu bildirib.





Çap et  Çap et