Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.10.2022

Peşəkar və ayıq-sayıq xidmət

Sabunçu Rayon Mühafizə İdarəsi canlı qüvvə və texniki vasitələrlə mühafizə olunan obyektlərin təhlükəsizliyini, eləcə də təhkim olunmuş ərazidə ictimai asayişi, ictimai təhlükəsizliyi etibarlı şəkildə qoruyur. Bunu sübut edən hadisə Sabunçu rayon Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, oktyabrın 14-də gecə saat 02:30 radələrində qəsəbədə avtomarşurut üzrə xidmət aparan RMİ-nin əməkdaşları – heyət başçısı, polis serjantı Yalçın Hüseynov və sürücü, polis serjantı Kamran Həsənov bir qadının qışqıraraq köməyə adam çağırdığını eşidiblər. Dərhal səs gələn tərəfə qaçaraq kəsici-deşici alətlə xəsarət almış qadının yerdə uzandığını və çoxlu qan itirdiyini, həmçinin bir nəfərin hadisə yerindən yayınmağa çalışdığını görüblər. Əməkdaşlarımız yüksək peşəkarlıq nümayiş etdirərək hadisəni törədən şəxsi saxlamağa nail olublar.

Hadisə yerinin toxunulmazlığını təmin edən polis serjantları, Y.Hüseynov və K.Həsənov qadına ilk tibbi yardım göstərdikdən sonra əraziyə Təcili Tibbi Yardım çağırıb, eyni zamanda aidiyyəti üzrə RMİ-nin rəhbərliyinə məruzə edərək Sabunçu RPİ 13-cü Polis Bölməsinin Növbətçi Hissəsinə məlumat veriblər.

İlkin araşdırma zamanı saxlanılan şəxsin Bakı şəhər Suraxanı rayon sakini Tərlan Qafarov olduğu və hadisəni qısqanclıq zəminində törətdiyi müəyyən olunub. T.Qafarov ifadəsində Bakı şəhər Sabunçu rayon sakini V.Əliyevaya kəsici-deşici alətlə xəsarət yetirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et