Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.10.2022

Polis zabitinin Praqadan qeydləri

Avropa İttifaqının Futbol Təhlükəsizliyi üzrə Ekspertlər Qrupunun 2022-ci il 28-29 sentyabr tarixlərində Praqa şəhərində keçirilmiş növbəti görüşündə də Azərbaycan Milli Futbol Məlumat Məntəqəsinin əlaqələndirici zabiti kimi iştirak etmişəm. Artıq bir neçə ildir ki, bu tədbirlərə qatılıram.

Praqadakı növbəti tədbiri açıq elan edən Avropa İttifaqının Futbol Təhlükəsizliyi üzrə Ekspertlər Qrupunun sədri, cənab Adrian Dinka əvvəlcə Almaniyada təşkil olunması planlaşdırılan “AVRO-2024” çempionatında yığma komandaları ilə mübarizə aparacaq və futbol oyunlarına ev sahibliyi edəcək ölkələrdə görülən işlərlə bağlı 2021-ci ili əhatə edən hesabatı təqdim etdi. Hesabatla yanaşı, iştirakçı ölkələrin Milli Futbol Məlumat Məntəqələri tərəfindən ümumi məlumat bazasına daxil edilmiş məlumatlar, stadionlar, riskli azarkeşlər, əməliyyat məlumatları, nəzərdə tutulan polis nümayəndə heyətlərinin ezamı və təhlükəsizlik tədbirləri barədə prezentasiya təqdim olundu.

Sonra cənab Dinka 28.05.2022-ci il tarixdə Paris şəhərində “Liverpul” və “Real Madrid” futbol klubları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyunu zamanı azarkeşlər arasında baş vermiş insidentlər və polis tərəfindən təhlükəsizlik tədbirlərinin düzgün qaydada qurulmaması barədə narahatlığını ifadə edərək, Fransa Milli Futbol Məlumat Məntəqəsindən müvafiq məruzənin təqdim olunmasını istədi. Fransa Milli Futbol Məlumat Məntəqəsinin əlaqələndirici zabiti Lyusi Lubeyre baş vermiş hadisə ilə bağlı video-material təqdim etdi və sözügedən məsələ ilə bağlı Fransa Respublikasının Daxili İşlər Nazirliyində təqsirkar şəxslərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində istintaq işlərinin aparıldığını xüsusi vurğuladı.

Avropa İttifaqının Futbol Təhlükəsizliyi üzrə Ekspertlər Qrupunun “Terrorçuluqla mübarizə” İşçi Qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş dəyirmi masada tərəfimizdən də müvafiq zəruri məlumatlar təqdim edildi. Sentyabrın 13-14 tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilmiş təxribat və Azərbaycanın bir çox Avropa ölkələrində yerləşən diplomatik korpuslarının inzibati binalarına erməni əsilli şəxslər tərəfindən edilmiş hücumlar diqqətə çatdırıldı. Ötən illərdə beynəlxalq futbol yarışlarında Azərbaycanı təmsil edən “Qarabağ” futbol klubuna qarşı müxtəlif təhdidlər və təxribatların törədilməsini nəzərə alaraq, qarşıdan gələn oyunlarda müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi tələb edildi. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” ərazi vahidinin olmaması xüsusilə vurğulanaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təxribat xarakterli bannerlərin və bayraqların nümayiş olunmasının qarşısının alınması barədə Yunanıstan və Fransa Milli Futbol Məlumat Məntəqələri ilə müzakirələr aparıldı.

...Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Futbol Məlumat Məntəqəsinin əlaqələndirici zabiti Paul Foley cari il ərzində futbol üzrə qadınlardan ibarət Avropa Çempionatına hazırlıq işləri, 2023-cü ildə isə İstanbul şəhərində keçirilməsi nəzərdə tutulan Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu ilə əlaqədar görülən tədbirlər barədə isə Türkyənin Milli Futbol Məlumat Məntəqəsinin əlaqələndirici zabiti Kadir Demir prezentasiya təqdim etdilər.
İşgüzar şəraitdə davam edən tədbirdə bir çox maraq doğuran məsələlərə aydınlıq gətirildi, təkliflər qiymətləndirildi.

DİN-in Beynəlxalq
Əməkdaşlıq İdarəsinin
əməkdaşı, polis mayoru
Vaqif Əzizov





Çap et  Çap et