Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.10.2022

Xətai RMİ-də bir gün...

Səhər saat 8-də, günəş parlaq şəfəqlərini Bakının səmasına yenicə səpələdiyi vaxtda Xətai Rayon Mühafizə İdarəsinin inzibati binasının həyətində əməkdaşlar səhər təlimatına düzülmüşdü. Dənizdən əsən sərin meh binanın qarşısındakı dirəkdə asılmış bayrağımızı, görkəmli türk şairi Akif Ərsoyun təbirincə desək, “şəfəqlərdə üzən bu sancağı” dalğalandırdıqca, onun bir kərə enməməsi üçün Azərbaycan Polisinin tarixi fədakarlıqlarını gözlər önündə canlandırırdı.
Şəxsi heyətin təlimata hazır olması barədə İdarə rəisi, polis polkovniki Nazim Həsənova rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayevin məruzəsindən sonra əməkdaşların Dövlət himnini ifa etməsi və təntənəli marşla keçidi dövlətə xidmət etmənin anlamlı peyzajını tamamlayırdı sanki.

Təlimatda İdarə rəisi kolonların önündən keçərək əməkdaşların zahiri görkəminə baxış keçirdi, geyim qaydalarını yoxladı, irad və tövsiyələrini bildirdi, ümumən isə nəticədən razı qaldığını dedi. Bundan sonra əməkdaşlar təhkim olunduqları postlara yola düşdülər.
Bir qrup isə idman məşğələsi çərçivəsində turnikdə dartınır, müəyyən edilmiş normativləri yerinə yetirirdi. Elə burada öyrənirik ki, onların arasında dəfələrlə həm dünya, həm də Avropa çempionu olan tanınmış idmançılar var.

Onlardan biri, ömrünün 23 ilini peşəkar uşu-sanda və kikboksinq idman növünə həsr edən Elvin Əhmədli dörd dəfə dünya, beş dəfə Avropa çempionu olub. O, həm də Dünya kəmərinin sahibidir. 2016-cı ildə hərbi xidmətdə olarkən ən yeni tariximizə “Aprel döyüşləri” kimi düşən hərbi əməliyyatlarda iştirak edib. Hərbi xidmətdən qayıtdıqdan sonra Ukraynada peşəkarlar arasında keçirilən yarışda Azərbaycan daxili işlər orqanlarının təmsilçisi kimi uşu-sanda üzrə dünya çempionu adını qazanıb. Ondan əvvəl Honkonqda keçirilən yarışdan da qızıl medalla döndüyünə görə dövlət başçısı tərəfindən xüsusi qaydada mükafatlandırılıb. Hazırda xidməti vəzifələrini icra etməklə yanaşı, mart ayında Tailandda keçiriləcək peşəkar yarışa hazırlaşır.

2014-cü ildən daxili işlər orqanlarında qüsursuz xidmət edən polis baş serjantı Elbəyi Osmanov da Azərbaycan, Avropa və MDB ölkələri arasında ciu-citsu üzrə keçirilən yarışlardan çempion kimi ayrılıb. Dünya çempionatının mükafatçısı, eyni zamanda, bodibildinqlə məşğuldur. Deyir, onlara rəhbərlik tərəfindən yarışlara hazırlaşmaq üçün bütün lazımi şərait yaradılır. Məşqlərdə aldığı zədələrdən sonra yarışlara fasilə versə də, sağlığına qovuşandan sonra yenidən tatami üzərinə qayıdacaq. Hələliksə, daxili işlər orqanları arasında keçirilən parkur yarışlarında idarənin komandasını təmsil etməklə kifayətlənir.

Xidmətin təşkili ilə bağlı gələn zənglərə cavab verən bölük komandiri, polis mayoru Tərlan Əhmədov arada-bir söhbətimizə müdaxilə edib ətraflı məlumat almağımıza da yardımçı olmağa çalışırdı. Onun sözlərinə görə, idarənin komandası ilk dəfə bu il daxili işlər orqanlarının əməkdaşları arasında keçirilən parkur yarışlarına qatılıb. Komandanın çıxışını uğurlu saymaq olar, ancaq istənilən nəticəni sonrakı yarışlarda əldə edəcəklərinə inanırlar. Çünki, DİN və Baş İdarə rəhbərliyinin göstərişinə uyğun olaraq, şəxsi heyətin xüsusi təlimi, xidməti, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə mütəmadi məşğələlərə cəlb ediliblər.
Bu arada xəbər aldıq ki, İdarə rəisi dövlət başçısının sərəncamı ilə təltif edilmiş və sıralarımıza yeni qoşulan Vətən müharibəsinin iştirakçısı iki yeni əməkdaşı qəbul edəcək. Fürsəti fövtə vermədik, özümüzü çatdırdıq “hadisə” yerinə.

Polis polkovniki İkinci Qarabağ müharibəsində ordumuzun Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsindən, hərbçilərimizin qəhrəmanlıqlarından danışdı, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs etdi. Bu döyüşlərə qatılmış gənc əməkdaşların - polis kiçik serjantı Həsən Dadaşlı və mülki mühafizəçi Rəhim Yaradanquliyevin mühafizə etdikləri postlarda da eyni əzmi, qətiyyəti göstərəcəklərinə əmin olduğunu bildirdi. Məlumat verildi ki, H.Dadaşlı cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı, mülki mühafizəçi R.Yaradanquliyev isə Kəlbəcərin azad edilməsində iştirak edib.

Biz yenidən bölük komandiri ilə söhbətimizə qayıtdıq. Hesabat dövrünün göstəriciləri barədə danışan polis mayoru bildirdi ki, Xətai Rayon Mühafizə İdarəsi tərəfindən cari ilin 1 oktyabr tarixinə qədər mühafizə olunan obyektlərin sayı 1045, o cümlədən 513 mənzil təşkil edir. Onlardan 22 obyekt stasionar polis, 24 mülkü mühafizə xidməti, 6 qarışıq xidmət, ümumilikdə isə 993 obyekt Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə qorunur.
Onun sözlərinə görə, yeni obyekt və mənzillərin mühafizəyə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərə də ara verilmir. Bunun nəticəsidir ki, hesabat dövründə 100 obyekt, o cümlədən 23 mənzil siqnalizasiya sistemi vasitəsi ilə təchiz edilərək mühafizəyə qəbul olunub.

Bundan başqa, idarənin əməkdaşları cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizədə fəal iştirak edirlər. Belə ki, şəxsi heyət tərəfindən xidməti post və marşrutlarda 7 fakt üzrə oğurluğun, 1 yanğın hadisəsinin qarşısı alınıb, digər cinayət hadisəsi törədən 2 nəfər, ictimai qaydanı pozan 6, narkotik maddə ilə 1 nəfər şübhəli şəxs qismində saxlanılaraq ərazi üzrə polis bölmələrinə təhvil verilib.

Bu rəqəmlər, bir növ, tutucu qruplarının “güzgüsüdür”. Çünki, taqım komandiri, polis baş leytenantı Emin Ələkbərovun dediyi kimi, mühafizə xidmətinin “bel-sütununu” onlar təşkil edir. Xidmətin keyfiyyəti həm də məhz onların çevikliyindən asılıdır. Xətai RMİ-nin tutucu qrupları da bu baxımdan peşəkar əməkdaşlardan ibarətdir, onlar lazımi texniki avadanlıq və nəqliyyat vasitəsilə təmin olunublar.

Günün sonuna doğru yenidən toplanış oldu, axşam növbəsinin təlimatı başlayırdı. Xidməti silahlarını və kitabçalarını Növbətçi Hissəyə təhvil verənləri yenilərin əvəz etməsi polisin gecəli-gündüzlü xidmətinin real tablosu kimi idarənin həyətindən “asılmışdı”.

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et