Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

07.10.2022

“Diqqət uşaqlar!”

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən respublika ərazisində sentyabrın 15-dən oktyabrın 15-dək “Diqqət uşaqlar!” adı altında elan edilən hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir.

Bu günlərdə paytaxtın 211 nömrəli tam orta məktəbində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda baş tutan tədbirdə Bakı şəhər BPİ-nin əməkdaşları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.

Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və inspektor, polis leytenantı Mehriban Cabbarova çıxışlarında şagirdlərə piyada keçidlərindən istifadə, eyni zamanda, yol hərəkəti qaydalarına əməl etmənin zəruriliyi barədə danışıb, tövsiyələr veriblər. Qeyd edilib ki, bu kimi tədbirlər uşaqlara yol hərəkəti qaydalarını kiçik yaşlardan təbliğ etmək məqsədilə keçirilir. Yol-nəqliyyat hadisələrinin azalmasında valideynlərin də üzərinə məsuliyyət düşdüyü, xüsusən, övladlarını təhsil müəssisələrinə gətirərkən məktəb qarşısında sıxlıq və tıxacların yaradılması, yol hərəkət qaydalarının pozulması hallarının yolverilməz olduğu diqqətə çatdırılıb.
Tədbirdə yol nişanları haqqında məlumat verilib və şagirdlər musiqi nömrələri ilə çıxış ediblər.
Eyni mövzuda analoji tədbir Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının iştirakı ilə 54 nömrəli tam orta məktəbdə də keçirilib.





Çap et  Çap et