Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

03.10.2022

Zirvəyə doğru... Bizi dünyaya tanıdan polis övladı

Təhsildə, idmanda, yaradıcılığın müxtəlif sahələrində uğurlar əldə edən polis övladları barədə əvvəllər də yazmışıq. Cinayətkarlıqla mübarizə aparan asayiş keşikçilərinin ailələrində ölkəmizin gələcəyi üçün necə bacarıqlı, bilikli, intellektual nəslin yetişdiyini göstərməyə çalışırıq bununla.

Onlardan birini - Güllü Ağalarzadəni bu yaxınlarda tanımışıq, daha doğrusu, o, özünü bütün Azərbaycana tanıdıb. Bədii gimnastika üzrə milli komandamızın üzvü, İslamiadanın qızıl və gümüş medalçısı Güllünün adı idmanın bu növünün pərəstişkarlarına çoxdan bəlli olsa da, polis qızı olmasından əksəriyyət agah deyil.

Onun atası Etibar Ağalarzadə DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantıdır. Bəlkə də Güllünün bir övlad olaraq, ilk uğuru elə budur – artıq öz ad-sanı ilə önə çıxır, necə deyərlər, atasını övladına görə təqdim etmək lazım gəlir. Bu, hər bir atanın qürur duyacağı nailiyyətdir.

Ömrünü cinayətkarlıqla mübarizəyə həsr etmiş polis polkovnik-leytenantının evində kamilliyi, zərifliyi, musiqi ilə harmoniyanı və gözəlliyi beynəlxalq arenalarda Azərbaycan adına nümayiş etdirən əsl istedad yetişib, boya başa çatıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi olan Güllü üçqat Avropa çempionatının mükafatçısı, ikiqat İslam Oyunlarının çempionu və gümüş, həmçinin dünya çempionatının bürünc medalçısıdır. Milli komandanın tərkibində 14 yaşından iştirak edən həmkarımızın qızı ilk dəfə 6 yaşında xalçanın üzərinə çıxıb barmaqlarının üzərinə dikəldiyi andan gimnast zərifliyinin üzərinə ağır məsuliyyət yükləyərək, bu günlərə çatıb.

O, addım-addım yüksəldiyi zirvələri “barmaqlarının ucunda” fəth edir.
Güllü deyir: "Gimnastikada fiziki güc, iradə, musiqi duyumu tələb olunur. Üstəlik, plastikaları ilə tamaşaçıları heyran edən qızların artisizmi də yerində olmalıdır. Hərəkətin icrası nə qədər çətin olsa da gimnastın üzündən təbəssüm əskik ola bilməz. Etdiyimiz hərəkətlərin çətinliyini özümüz çəkirik, amma bunu tamaşaçıya, izləyiciyə hiss etdirə bilmərik. Bu, incə sənətdir".

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanmasında Güllü Ağalarzadə digər komanda yoldaşları ilə birlikdə tarixi nailiyyətə imza atıblar. Çünki, bu, Azərbaycanın gimnastika tarixində dünya çempionatında qazandığımız ilk belə uğur olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə olimpiadanın qızıl və gümüş medalçısı kimi Güllü Ağalarzadə çıxış edib. O, çıxışında da qeyd etdiyi kimi, deyir ki, əldə etdiyimiz bütün bu nailiyyətlər, cənab Prezidentin və Gimnastika Federasiyasının prezidenti Mehriban xanımın dəstəyi sayəsində olub.

DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Etibar Ağalarzadənin ikinci qızı Mahirə Azərbaycan Diplomatik Akademiyasının “Hüquq” fakültəsində təhsil alır. Oğlu Davud isə pianoçudur və bir çox müsabiqənin laureatıdır.
Sonda bu önəmli faktı ona görə qeyd edirik ki, güclü, parlaq cəmiyyətlərin mayası, mahiyyəti yalnız nümunəvi ailələrdən “qidalanır” ki, polis ailəsi Ağalarzadələr buna bariz misaldır.

R.Mehtiyev

 





Çap et  Çap et