Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

11.09.2022

Bakının sərrast atıcıları

Daxili İşlər Nazirliyinin Atıcılıq tirində əməkdaşlar arasında çempionat keçirilib.
DİN-in müvafiq əmr və göstərişlərinə uyğun olaraq, polis əməkdaşlarının döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də atəş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən güllə atıcılığı üzrə yarışdan əvvəl qanunvericilikdən irəli gələn tələblər barədə əməkdaşlar məlumatlandırılıb, qaydalar və təhlükəsizlik tədbirləri izah edilib.
Daha sonra yarışa start verilib.

Bakı Şəhər Baş Polis İdarəsini və ona tabe olan ərazi polis orqanlarını təmsil edən komandaların hər birinin tərkibində çempionata qatılan 6 əməkdaş müxtəlif hərəkətlər üzrə hədəfi nişan alaraq sərrastlıqlarını sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında birinciliyi Xətai RPİ əldə edib. Bakı şəhər BPİ DYPİ ikinci, Nəsimi RPİ-nin komandası isə üçüncü yeri tutub.

Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda qadınlar arasında Xətai RPİ-nin əməkdaşı, polis baş leytenantı Ülkər Talıbova çempionatın qalibi olub. Kişilər arasında avtomatdan hədəfə Xətai RPİ-nin əməkdaşı, polis baş leytenantı Şəhriyar Salahov, tapançadan isə Nərimanov RPİ-nin əməkdaşı, polis leytenantı Şəhriyar Şirinov daha sərrəst atəş açmaqla, ən yüksək nəticəni göstəriblər.

Yarışın sonunda qalibləri təbrik edən Bakı şəhər BPİ rəisinin xidmət üzrə müavini, polis general-mayoru Sərdar Səfərov bu çempionatın insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qanunazidd əməllərdən qoruyan polis əməkdaşlarının atəş vərdişlərinin təkmilləşməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra rəis müavini fərqlənən əməkdaşlara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edib.

Rəşad Mehtiyev





Çap et  Çap et