Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.09.2022

Döyüş meydanındakı qələbəmizdən ruhlananlar

Mübarizəyə başlamaq məqsədə çatmaq üçün atılan ilk addımdır. Hər mübarizə sonucda uğur gətirməsə də, bu o deməkdir ki, sən nəyin arxasınca getdiyinin fərqindəsən. Fərdi mübarizənin toplumu arxasınca aparacaq gücə çevrilməsi isə bütün müstəvilərdə qazanılacaq qələbələrin bünövrəsini qoymuş olur.

Vətən müharibəsindən sonra Qələbə mövzusu ürəklə dilə gətirdiyimiz, qürurla ifadə etdiyimiz mövzulardandır. Sanki bütün sahələrdə əldə edəcəyimiz uğurların sehirli açarı imiş 44 günlük döyüşlər.

Və ötən müddət ərzində müşahidələrimizdən gəlinən qənaət budur ki, Azərbaycan xalqı, onun hərəkətverici qüvvəsi olan mübariz gənclik döyüş meydanındakı qalibiyyət ruhu ilə qələbədən-qələbəyə doğru addımlayaraq qarşısına çıxan bütün maneləri inamla aradan qaldırır.
Yeri gəlmişkən, Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında gənclərimizin Qələbə əzmini, gücünü, döyüş ruhunu bir daha dünyaya sərgiləmiş olduq. Medallar əyarına görə fərqlənsə də, hədəf dünyanı qorumaq, yer kürəsinə sülh və əmin-amanlıq gətirmək üçün bəşəriyyətin birgəlik nümayiş etdirməsinə çağırış etmək idi.

Oyunların gümüş mükafatçısı, Əlahiddə Çevik Polis Alayının I Taborunun I bölüyünün taqım komandiri, polis leytenantı Dadaş Dadaşbəyli də, əslində, idmanın ilk missiyasının insanları birləşdirmək olduğunu diqqtimizə çatdırdı və yarışla bağlı təəssüratlarını bölüşdü: “İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi birinci Respublika çempionatından başladı. Çünki bu çempionatda ən güclülər seçilib İslamiadaya vəsiqə qazanacaqdı. DİN və Alay rəhbərliyinin razılığı ilə çempionata qatıldım. Yerdən və təkanla qaldırmada Azərbaycan rekordları siyahısında ilk oldum. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş atletika üzrə Azərbaycan Kubokunu qazandıqdan sonra İslam Həmrəyliyi Oyunlarına vəsiqə qazandım”.

Qeyd edək ki, həmkarımız birdən qaldırmada 174 kiloqram, təkanla qaldırmada isə 210 kiloqramın öhdəsindən gəlməklə İslam Həmrəyliyi Oyunlarının gümüş medalının sahibi olub. Hədəfi noyabr ayında Kolumbiyada keçiriləcək dünya çempionatına qatılmaq və qalib olmaqdır.
Onu daha yaxından tanımaq üçün uğur hekayəsinə nəzər yetirək. O, 2003-cü ildən ağır atletika ilə məşğul olur. 2012-ci ildən milli yığma komandanın üzvüdür. Yeniyetmələr arasında 2013-cü ildə, 2014-cü ildə isə gənclər arasında keçirilən Avropa çempionatlarında gümüş medallar qazanmaqla ən güclülərdən olduğunu sübut edib. 2015-ci ildə gənclər arasında keçirilən Avropa çempionatının qızıl medalını qazanan D.Dadaşbəyli həmin ildə həm də Avropanın ən güclü idmançısı seçilib. Ötən il böyüklər arasında keçirilən Avropa çempionatında 1 qızıl və 1 bürünc medal qazanıb.

Ruhiyyə Əliyeva,
polis kapitanı

 





Çap et  Çap et