Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

03.09.2022

Polislər məişət zorakılığından danışıblar

Suraxanı rayonunun Hövsan, Bülbülə, Zığ, Yeni Suraxanı və Əmircan qəsəbələrində məişət zorakılığının qarşısının alınması ilə bağlı yerli bələdiyyələrlə silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan maarifləndirici görüşlərə polis əməkdaşları, ictimaiyyət nümayəndələri, ağsaqqallar, din xadimləri, psixoloqlar, ziyalılar, gənclər və sakinlər qatılıb.

Görüşlərdə iştirak edən Suraxanı RPİ İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev və bölmənin baş inspektoru, polis kapitanı İlahə Balayeva məişət zorakılığının qarşısının alınması, eləcə də bu istiqamətdə problemlərin mövcud qanunvericiliyə uyğun həlli ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Xüsusilə vurğulanıb ki, polis məişət zorakılığı ilə qanun çərçivəsində mübarizə aparır, münaqişəli ailələr qeydiyyata götürülür. Problemin həllinin təkcə polisin deyil, bütün cəmiyyətin vəzifəsi olduğunu diqqətə çatdıran həmkarlarımız, birgə fəaliyyətin məişət zorakılığının qarşısının alınmasında daha effektli nəticə verə biləcəyini qeyd ediblər.
Tədbirlərdə məişət zorakılığı ilə mübarizənin aparılması, qanuni imkanlar və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

R.Mehtiyev

 





Çap et  Çap et