Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

31.08.2022

Dünyanın yükünü “gəzdirən” polis

Sabunçu RPİ-nin dünyanın yükünü də, öz ad-sanını da başı üstündə “gəzdirən” bir əməkdaşı var - polis polkovnik-leytenantı Asif Məlikov. Şöhrəti bir vaxtlar SSRİ-nin ən ucqarlarına qədər gedib çıxmış ağırlıqqaldırma üzrə gənc çempionun adı dillər əzbəri olub. İdman cameəsi bizim bu Herakl kimi əməkdaşımızı heç indi də unutmayıb.

O, nadir insanlardan biridir ki, haqqında yazarkən təşbehdən istifadə etməkdən çəkinmirsən. Çünki bu sözlərlə gerçəkliyi ifadə etməyə can atdığını daxilən hiss edirsən və buna görə əndazəni aşmadığına cəsarətli əminlik yaranır səndə.
Zarafat deyil, o, dörd dəfə SSRİ çempionu, bir dəfə Avropa çemponu olub, dəfələrlə yeniyetmələr arasında rekorda imza atıb.

Uşaqlıqda idmanın sambo növü ilə məşğul olsa da, Sumqayıtdan onun doğulduğu İsmayıllı rayonuna təyinat almış məşqçi Nüsrət Abdullayev onu da, atasını da inandırıb ki, “Asif məhz ağırlıqqaldırmada dünya çempionu olacaq”. Gərgin məşqlərin nəticəsi özünü çox gözlətmir. Asif ilk dəfə 1988-ci ildə 48 koloqram çəki dərəcəsində 117,5 kiloqramlıq SSRİ rekordunu 122,5 kiloqram qaldırmaqla yeniləyir. Erməni atletinə məxsus doqquz illik rekordu o dəyişir.
Deyir: “Bundan sonra SSRİ-nin gənclərdən ibarət yığma komandanın tərkibinə qəbul edildim. Elə həmin ildə Bolqarıstanın Varna şəhərində Avropa çempionu titulunu da qazandım”.
Müstəqilliyin ilk illərində yarışlarda iştirak etməyə maddi sıxıntılar yarandığından, vəziyyətdən çıxımaq üçün Ukraynaya gedib karyerasını orada davam etdirməyə başlayır. Bir neçə il bu ölkənin idman şərəfini qoruyur.

Bu peşəkar idmançını Azərbaycana, öz ölkəsinə Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra qaytarıb və beləcə, Asif Məlikov yenidən öz dövlətinin himni, bayrağı üçün çiynini, sözün əsl mənasında, ağır yükün altına verib: “Ukraynada qalib kimi kürsüyə qalxanda duyğusal olaraq heç nə hiss etmirdim. Ölkəmizə gələndən sonra isə fəxri pillədə Azərbaycanın dövlət Himnini eşidəndə, həmişə ağlamışam. Bu qürur və sevinc hissinin doğurduğu göz yaşları idi...”

Dünyanın ağırlığını çiyninə qaldıran çempion yükünün üstünə bir də polis olmaq kimi ağır, çətin bir peşənin məsuliyyətini yükləyir.
Hazırda Sabunçu RPİ İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru olan polis polkovnik-leytenantı Asif Məlikov deyir ki, Avropa çempionatının qalibi kimi Vətənə dönəndə ulu öndər Heydər Əliyev bizi qəbul etdi və mən orada uşaqlıqdan polis olmaq istəyimi dilə gətirdim...

Beynəlxalq dərəcəli idman ustası olan A.Məlikov bu gün həm yarışlarda hakim kimi ədaləti, həm də uşaqları, yeniyetmələri kriminal təhdidlərdən qoruyur, cinayətkarlığın onlara bulaşmaması üçün mübarizə aparır. Bu işə övladına can yandıran ata kimi çalışdığı gözlərində lövbər salan qayğıdan da bəlli olur.

Axı, o, özü də Vətənimiz üçün silah götürüb vuruşan oğul atasıdır. Suqovuşan və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edən Emin Məlikzadə hər iki ərazimizin azad olunmasına görə və “Vətən uğrunda” medalı ilə təltif olunub. İkinci oğlu isə Kəlbəcərdə əsgər kimi xidmətdədir.

R.Mehtiyev

 





Çap et  Çap et