Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.08.2022

Polis ədaləti qoruyur – İdmanda da...

Avqustun 15-dən 21-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində yunan-Roma, sərbəst, qadın güləşi üzrə U-20 Dünya Çempionatı keçirilib. Dünyanın 60-dan çox ölkəsinin komandasının qatıldığı bu yarışda Azərbaycan güləşçiləri yeni uğurlara imza atıblar. Yunan-Roma güləşçilərimiz 3 qızıl, 2 bürünc medalla çempionatı 2-ci pillədə başa vurublar. Sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş medalla 4-cü yerdə qərarlaşıblar. Qadın güləşçilərimizin isə aktivinə 1 bürünc medal yazılıb. Bu yarışda komandamızla yanaşı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Tural Əliyev də hakim kimi fərqlənib. Belə ki, həmin yarışda hər ölkədən 1 hakim dəvət olunsa da final görüşləri yalnız ən ədalətli, obyektiv hakimlərə etibar olunub. Çempionatın davam etdiyi 7 gün ərzində beynəlxalq dərəcəli hakim Tural Əliyev bütün güləş növlərindəki qarşılaşmaların idarə olunmasına cəlb edilib. Hər günün sonunda isə çəki dərəcələri üzrə cəmi 5 final qarşılaşması olub. Qürurverici haldır ki, təmsilçimizə hər gün final, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalarda ədaləti qorumaq etibar edilib.

Redaksiyamızın qonağı olan T.Əliyev yarış təəssüratlarını bizimlə bölüşdü: "Final görüşlərində yunan-Roma güləşində çəkisi 82 kiloqramadək olan İran və Gürcüstan təmsilçiləri, 130 kiloqramadək olan Ukrayna-İran pəhləvanları, qadın güləşində 52 kiloqram çəkidə Yaponiya-Ukrayna və 70 kiloqramadək olan Amerika və Qazaxıstan idmançıları demək olar ki, həm fiziki, həm də texniki baxımdan yüksək hazırlıqlı, bərabər səviyyəli idmançılar idilər. Çox sürətlə biri-birini əvəz edən fəndlər tətbiq olunurdu. Ani bir hərəkətin diqqətdən yayınmasına yol verə bilməzdim. Güclü azarkeş təzyiqi isə işi lap çətinləşdirirdi. Amma, buna baxmayaraq, hakimliyimə görə yarış təşkilatçılarından yalnız təşəkkür aldım.

Bir fikrimi də sizinlə bölüşmək istərdim. Müstəqilliyimizin ilk illərində beynəlxalq arenalarda idmançılarımıza “asan” rəqib kimi baxırdılar. Son illərdə isə müşahidə edirəm ki, təmilçilərimizlə bir qrupa düşən, döşəyə çıxan idmançılarda bir gərginlik, həyəcan var. Xarici komanda rəhbərləri də Azərbaycan idmançılarına ən təhlükəli rəqibləri kimi baxdıqlarını etiraf edirlər. Xüsusən, Vətən müharibəsində qazandığımız Zəfər idmançılarda da yüksək əhval-ruhiyyə yaradıb. Hər dəfə bayrağımız ucalanda, himnimiz səslənəndə ürəyimiz qürurdan dağa dönür. Ölkə idmanının şöhrəti naminə bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik".

R.Əliyeva





Çap et  Çap et