Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.08.2022

Onlar mübarizəni davam etdirirlər Müharibə iştirakçılarının medallarını idarə rəisi təqdim edib

Daxili işlər orqanlarında xidmətə qəbul olunan yüzlərlə Vətən müharibəsi iştirakçısının fədakarlıqları dövlət başçısı tərəfindən yüksək dəyərləndirilir. Nəsimi RPİ Post-Patrul Xidməti Bölüyündə ictimai asayişin və təhlükəsizliyin keşiyini çəkən həmkarlarımız da döyüş əməliyyatlarında aktiv iştiraklarına görə medallarla təltif olunublar.

Medalların təqdim edilməsi mərasimində İdarə rəsi, polis polkovniki Mirnemət Mirbabayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın azad olunmasında göstərdiyi misilsiz qəhrəmanlıqlar barədə danışıb. Otuz ilə yaxın sürən ağrılı Vətən həsrətinə şəhidlərimizin, qazilərimizin sayəsində son qoyulduğunu vurğulayan idarə rəsi, müharibə iştirakçılarının da onlar kimi böyük Zəfərin əldə edilməsində haqlarının olduğunu qeyd edib.

Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi barədə tələbinə uyğun olaraq, Nəsimi RPİ-yə hər hansı səbəbdən müraciət edən şəhid ailələri və qazilər dərhal qəbul edilir, problemlərinin həll edilməsinə xüsusi diqqət göstərilir. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsinin şəhidlərinin ailə üzvlərinə mütəmadi baş çəkən, qayğıları ilə maraqlanan idarə əməkdaşlarının bunu özlərinə mənəvi borc bildikləri vurğulanıb.

Polis polkovniki M.Mirbabayev Vətən müharibəsi itirakçılarının polis orqanlarında xidmət etməsinin Azərbaycan Polisinin vətənpərvərlik dəyərlərinə böyük önəm verməsinin bariz nümunəsi olduğunu, səngərdə düşmənlə döyüşərkən sərgilədikləri cəsarəti, şücaəti cinayətkarlığa qarşı mübarizədə də təkrarlayacaqlarına əminliyini bildirib.

Daha sonra Nəsimi RPİ Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis kiçik serjantları Nicat İslamov və Ruslan Abbasova “Vətən müharibəsi iştirakçısı” medalları təqdim edilib.
Qeyd edək ki, R.Abbasov müharibədə cəbhənin Kəlbəcər, Suqovuşan, Ağdərə istiqamətlərində gedən döyüşlərdə top komandiri olub. N.İslamov isə Füzulinin, Xocavəndin və Cəbrayılın azad olunmasında iştirak edib.

DİN rəhbərliyinə onlayn müraciət əsasında daxili işlər orqanlarında xidmətə qəbul edildiklərini deyən gənc həmkarlarımız bunu müharibə iştirakçılarına böyük diqqət və qayğı kimi dəyərləndirərək, etimadı doğruldacaqlarını deyiblər.

R.Mehtiyev

 





Çap et  Çap et