Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.08.2022

Polislər V İslam Həmrəyliyi Oyunlarında yarışacaq

Avqustun 9-da Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 min 200 idmançı yarışacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanın idman şərəfini ümumilikdə 281 idmançı qoruyacaq.

Bu oyunlara DİN-in İdman Cəmiyyətinin 4-ü polis olmaqla 12 yetirməsi də qatılıb. Stend atıcılığı üzrə Riqina Meftahətdinova, yunan-Roma güləşi üzrə Dadaş Dadaşbəyli, Cüdo idman növü üzrə Məmmədəli Mehdiyev, Kikboks idman növü üzrə Surət Qarayev mübarizə aparacaq.

Xatırladaq ki, ilk dəfə bu oyunlar 2005-ci il aprelin 8-dən 20-dək Səudiyyə Ərəbistanında keçirilib. İkinci İslam Həmrəyliyi Oyunları 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılsa da bu tarix sonradan 2010-cu ilin aprel ayına dəyişdirilib. Lakin müəyyən fikir ayrılığı səbəbindən ləğv edilib. 3-cü İslamiada oyunları 2013-cü ildə İndoneziyada, dördüncü dəfə isə 2017-ci ildə Bakıda keçirilib. Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.

Yarış ərəfəsində idmançılarla görüşən prezident İlham Əliyev onlara bu fikirlərlə dəstək olub: “Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız”.
“Polis”in kollektivi olaraq idmançılarımıza uğurlar arzulayırıq.

Ruhiyyə Əliyeva,
polis kapitanı





Çap et  Çap et