Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

14.07.2022

Təşəkkür, inspektor!

Adətən məlumatsız gənclər, yetkinlik yaşına çatmayanlar həyatda kriminal risklərlə çox rastlaşırlar, daha doğrusu, ya risklər onları, ya da onlar riskləri “tapırlar”. Buna görə yeni nəsilin qorunma altına alınması yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan inspektorların üzərinə böyük məsuliyyət, vəzifə qoyur və cinayətkarları qabaqlamağın əhəmiyyəti bu zaman özünü aydın büruzə verir.
Belə bir vəzifə öhdəliyinin məsuliyyətinə çiyin verən, çiyinlərindəki aylı-ulduzlu “paqonların” haqqını təslim edən yüzlərlə əməkdaşımız var ki, Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru, polis kapitanı Yeganə Zeynalova da onlardan biridir.

Bu xanım həmkarımız öz fəaliyyəti, həmçinin tələblərlə keçirilən profilaktik-maarifləndirici tədbirlərdəki təşəbbüsləri ilə Bakı Xoreqrafiya Akademiyasının diqqətini çəkib və təhsil ocağının rəhbərliyi bu barədə məktub yazaraq DİN-ə minnətdarlığını ifadə edib. Məktubda Nəsimi RPİ-nin əməkdaşlarının, xüsusilə də polis kapitanı Yeganə Zeynalovanın tədris ocağında zərərli vərdişlərə, narkomaniyaya qarşı mübarizə, məişət zorakılığı, uşaq hüquqları ilə bağlı mövzularda görüşlərin keçirilməsindəki rolundan bəhs olunur.

Polis İdarəsinin narkotiklərlə mübarizə aparan, cinayət-axtarış işini həyata keçirən əməkdaşları ilə birlikdə təşkil edilən profilaktik tədbirlərdə aktiv iştirak edən Y.Zeynalova, əslində, xanım polislərin daxili işlər orqanlarında çətin xidməti şəraitə zəriflik gətirdikləri kimi, kişi həmkarlarından heç də geri qalmadıqlarını və iş yükünü bölüşmə gücünə sahib olmanı təcəssüm etdirir. Hər bir əməkdaş üçün cəmiyyətin içindən gələn təqdir, alqış, müsbət rəy nəticə etibarı ilə polisin nüfuzunu yüksəldir, hamımıza başucalığı gətirir və bu fakt göstərir ki, profilaktika sahəsində xidməti vəzifəsinin öhdəsindən gəlməkdən əlavə xanım əməkdaşımız polisin ictimai portretini də doğru-dürüst çəkə bilir.

Onun xidməti vəzifələrini layiqincə yerinə yetirməsini, çətin tərbiyə olunan azyaşlılar, təhsildən yayınan orta məktəb şagirdləri ilə profilaktik işlərin aparılmasında, dövlət köməyinə ehtiyac olan uşaqların sosial müəssisələrə yerləşdirilməsindəki xidmətlərini nəzərə alan Bakı şəhər BPİ rəhbərliyi xanım inspektora təşəkkür elan edib. Biz isə istədik ki, gəncləri, gələcəyimizi qoruyanlardan olan bu həmkarımızın təşəkkürü yalnız şəxsi işdə yazılmaqla qalmasın, həm də ictimai məzmun daşısın...
Polis adını uca tutduğuna görə təşəkkür, inspektor!

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et