Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.06.2022

Yadlaşan doğma, doğmalaşan polis

Xəzər rayonunda ailədaxili zorakılığa məruz qalan qadının köməyinə yenə polis çatıb. Həyat yoldaşı tərəfindən psixoloji və fiziki təzyiq gördüyünü deyən iki uşaq anası son çarə olaraq qanun təmsilçilərinə üz tutub.

Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Biləsuvar rayon sakini N.Məmmədova həyat yoldaşı O.Məmmədovun onu döyüb, evdən qovduğunu bildirərək polisdən kömək istəyib. Məmmədovlar ailəsi buna qədər də Xəzər RPİ 2-ci PŞ-də münaqişəli ailə kimi qeydiyyatda olub. Evindən-eşiyindən, övladlarından ayrı düşən, üstəlik doğmalarının da ondan üz döndərməsi ilə dərin psixoloji böhran keçirən N.Məmmədova yaxınlarından görmədiyi doğmalığı yalnız polis idarəsində tapa bilib.

Qadının vəziyyətini dərhal nəzarətə götürən Xəzər RPİ İcTŞ-nin baş inspektoru, polis kapitanı Xəyalə Həsənova onunla aparıdığı profilaktik söhbətdən sonra hüquq və təhlükəsizliyinin qorunması məqsədi ilə qanunda nəzərdə tutulan tədbirləri başladıb. Daha sonra isə o, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilib.
Yeri gəlmişkən, ictimai birliyin rəhbəri Mehriban Zeynalova bu məsələ ilə bağlı özünün feysbuk səhifəsində paylaşım edib və həmkarımız, polis kapitanı Xəyalə Həsənovanın fəaliyyətini yüksək qiymətləndirərək, Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə səmimi təşəkkürünü bildirib.

O, yazıb: “Arzuladığımız polis obrazı. Oturuşu, duruşu, təqdimatı, problemə yanaşması, vəzifə məsuliyyəti ilə yanaşı insanlıq xüsusiyyəti ilə məni valeh etdi Xəyalə xanım. Xanım polis əməkdaşları arzularımızın gerçəkləşməsidir. Ələlxüsus da bu obraz və məsuliyyət yükünü bütünlüklə beynəlxalq standartlarla yerinə yetirməyi bacaranlar. Bir sözlə mükəmməl. Təşəkkürlər belə kadrlara görə!”

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et