Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

24.06.2022

“Toy-büsatlı” günah...

Erkən nikahdan söz düşəndə istər-istəməz M.Sabirin “Xan dostu, amandı, qoyma, gəldi, didarı yamandı qoyma gəldi!” misrası ilə başlayan satirası yada düşür. Bir əsrdən artıq vaxt keçib, ancaq uşaq ikən ər evinə yola salınan qızcığazların dilindən səsləndirilən bu ictimai fəryad hələ də eşidilməkdədir. Sanki aramızda inadla çağdaş zamana qarşı “dirəniş” göstərən bir kəsim var...

Təbii ki, hüquqi və inzibati resursların belə hallarda dərhal işə düşməsi ilə qanun pozuntusunun qarşısı alınır və geridəqalmışlığın yenidən önümüzə keçməsinə imkan verilmir. Ancaq bu məsələnin davamlı olaraq inzibati nəzarətdə saxlanılmasına ehtiyac varsa, deməli, həmin kəsim çox ciddi ictimai qınaq hədəfinə də çevirilməlidir.

Elə bu günlərdə ictimiayyət polisin daha bir məktəbli qızın erkən nikaha daxil olmasının qarşısını alması barədə xəbər eşitdi. Qazax RPŞ-yə Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsə toy mərasimi keçirilməsi barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin ünvana gedərək mərasimin keçirilməsini dayandırmışdı. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparan həmkarlarımız yeniyetmə vaxtlarında qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə biləcəyi barədə xəbərdarlıq ediblər.

Toy edilən qızın 15 yaşında olduğu məlum olmuşdu. Bundan bir neçə gün öncə də həmin rayonda 16 yaşlı məktəbli qız erkən nikaha sövq edilmişdi, ancaq polisin müdaxiləsi nəticəsində toyun qarşısı alınmışdı. Eləcə də Sabirabad rayonunun Qəzli kəndində toy mərasiminin keçirilməsi üçün qurulan çadır polisin iştirakı ilə sökülmüşdü.
Məsələ ilə bağlı DİN Baş İctimai Təhlükəsizlik İdarəsindən qəzetimizə bildirilib ki, bütün ölkə ərazisindəki polis idarə və şöbələrinə erkən nikahların qarşısını almaq üçün xüsusi göstəriş göndərilib və onun icrası rəhbərlik tərəfindən daim nəzarətdə saxlanılır.

İdarədən verilən məlumata görə, hər rüb ərzində vəziyyət təhlil edilir, nəticəyə uyğun olaraq da müvafiq addımlar atılır. Orta məktəblərin yuxarı sinif şagirdləri ilə keçirilən qabaqlayıcı-profilaktik tədbirlərin bir hissəsini erkən nikah mövzusu əhatə edir ki, həmin görüşlərdə polis əməkdaşları ilə yanaşı, dini qurumların, icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edir. Belə maarifləndirici tədbirlər isə çox böyük profilaktik nəticə ortaya qoyur. Məsələn, bu gün yetkinlik yaşına çatmayan qızların ərə verilməsi barədə ictimailəşən hadisələrin əksəriyyəti məhz maarifləndirmə işinin nəticəsi kimi özünü göstərir. Polis əməkdaşları yeniyetmələrə erkən nikahın tibbi və hüquqi fəsadlarını izah etməklə yanaşı, iradələri əleyhinə təhsildən yayındırılıb gəlin köçməyə məcbur edildikləri hallarda necə davranmalı olduqlarını da başa salırlar.

Belə görünür ki, polis bir çox arzuolunmaz halların qarşısını elə “uşaq gəlin” olmaq istəməyən yeniyetmələrin iştirakı ilə alır. Yeni nəsil köhnənin qalıqlarından xilas olmağa, bəzi valideyn-
lər isə onları bir əsr geriyə çəkib atmağa can atır. Deməli, ötən əsrdən başlayan maarifpərvər hərakata bir an olsun belə ara vermədən, cəhalətin yenidən xortlamasına şərait yaratmadan davam etdirməkdə fayda var və polisin yerlərdə erkən nikahla bağlı keçirdiyi maarifləndirici iş bu mənada tam yerinə düşür.

Rəşad Mehtiyev,
polis baş serjantı





Çap et  Çap et