Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.06.2022

Bu, həm də vətəndaşlıq borcudur

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulan qan banklarında qan azlığı yaranıb. Xəstə uşaqların həyatına yaranan təhlükənin qarşısını almaq üçün daxili işlər orqanlarının əməkdaşları da könüllü qanvermə aksiyalarına qoşulublar.

Bu dəfə talassemiyalı və hemofiliyalı uşaqlara dəstək olmaq məqsədilə Nəsimi Rayon Mühafizə İdarəsində humanitar aksiya keçirilib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə idarədə təşkil olunan aksiyada 104 polis əməkdaşı qan verib. Xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Aksiya iştirakçısı olan polis əməkdaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlara könüllü qan verməyin xeyirxah iş olduğunu bildirərək, belə nəcib aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyiblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndərilib.





Çap et  Çap et