Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

31.05.2022

Şəhid qardaşların polis bacıları

İkinci Qarabağ müharibəsində təkcə itirilmiş torpaqlarımızı deyil, milli qürurumuzu da geri qaytaran şəhidlərimiz bizə bir bütöv Vətən, bir də ailə üzvlərini əmanət edib göylərə, ilahi qata yüksəliblər. Bəli, məhz onların sayəsində Vətənin bağrına çəkilən çalın-çarpaz dağ, ana yurdun köksündə xan Araz kimi dərin şıram açmadı. Ancaq oğul, qardaş itkisinin ağrı-
acısı, göynərtisi şəhid analarının, şəhid bacılarının və şəhid ömür-gün yoldaşlarının ürəyində için-için közərir hələ də.

Bu yanğıya məlhəm olsun deyə DİN rəhbərliyi hər zaman şəhid ailələrinə xüsusi qayğıyla yanaşır, şəhid, qazi ailələrinin üzvlərini sıralarımıza qəbul edib dövlətin, xalqın keşiyini çəkmək vəzifəsi həvalə etməklə, qardaşlarının missiyasını davam etdirmək imkanı, fürsəti yaradır.
Ötən həftə keçirilən “Texnofest” festivalının təhlükəsizliyinin təmin edilməsinə cəlb edilən qadın polis əməkdaşlarının sırasında Daxili Qoşunların şəhid hərbi qulluqçularının bacıları da xidmət edirdi ki, bu fakt bizə, qardaşların dövləti qoruma vəzifəsini onların layiqincə davam etdirdiyini göstərir.

Sabunçu RPİ Təhlükəsiz Şəhər Xidmətinin operatoru, polis kiçik serjantı Nisə Abdullayeva polis olan bütün şəhid doğmalarının duyğularını ifadə etdi bizə sanki: “Bizim yolumuz qardaşlarımızın yoludur. Geyindiyimiz uniforma onların bizə əmanətidir, yaşatdıqları qürurdur. Qardaşlarımızın mərdliyi, Vətənə xidməti bizim üçün bir nümunədir”.
Onun qardaşı, Daxili Qoşunların baş çavuşu Tural Abdullayev Zaqatalada xüsusi təyinatlı “Qartal” dəstəsində xidmət edirmiş, Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub. Şəhadətindən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Deyir, polisdə xidmətə başlayanda özümə söz verdim ki, qardaşımın yolu yolum olacaq. “Ən böyük arzum qardaşım kimi şəhidlərimizin can qoyduğu, qanları ilə pakladığı Qarabağda işinin əhli olan, peşəkar zabit kimi xidmət etməkdir. Bu, mənim üçün şərəf və qürur olar. Qardaşım Vətən oldu, mən də polis əməkdaşı olaraq, Vətən uğrunda can verərəm!”
Binəqədi RPİ-nin polis nəfəri, polis kiçik serjantı Arzu Əliyeva da qardaşı kimi Vətənə xidmət etməyi özünə məslək seçdiyinə, daha doğrusu, DİN rəhbərliyinin ona bu imkanı yaratdığına görə bundan qürur duyduğunu dilə gətirir. O, Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçusu, şəhid, baş çavuş Seymur Həsənlinin bacısıdır.
Həmkarımızın qardaşının döyüş yolu haqqında ötən nömrəmizdə ətraflı məlumat versək də, yenə xatırlatmaq istərdik ki, son döyüşünə yollanarkən anası nigaran qalmasın deyə Bərdədə təlimdə olduğunu deyən hərbçimiz müharibədən öncə təyin etdiyi toyu günü, noyabrın 8-də Şuşa yaxınlığında şəhid olub. “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qardaş itkisi Arzu Əliyevanın da içində qor bağlayıb, ancaq polis əməkdaşı olaraq dövlətinə xidmət edib, qardaşının xatirəsini bununla yaşatmağın ona təsəlli verdiyini, xidmətini də yüksək amallar urğunda davam etdirməyi özünə həyat kredosu seçdiyini deyir.

Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili Qoşunların xüsusi təyinatlısı, baş çavuş Vüqar Cəfərovun bacısı Şəlalə Cəfərova isə hazırda Nizami RPİ-nin polis nəfəri, operatoru, polis sıravisidir. O, ötən il daxili işlər nazirinin göstərişi ilə xidmətə qəbul olunmaqla, şərəfli polis adını qazanıb.

“Bunu özüm üçün bir iftixar, qürur bilirəm və xidmətə qəbul olunmağımı həm Ali Baş Komandanımızın, həm də DİN rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısı hesab edirəm”,-deyən xanım həmkarımız şəhid qardaşının əziz xatirəsini polis kimi yaşatmağın ona mənəvi güc, qüvvət verdiyini bildirir. Çünki, bu da Vətəni qorumaq, ona sahib çıxmaq deməkdir.

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et