Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.05.2022

Futzal turnirinə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü, o cümlədən “Müstəqillik Günü” ilə əlaqədar Bakı qarnizonunun ərazi polis orqanları arasında keçirilən futzal üzrə çempionata yekun vurulub.
Mayın 10-dan start götürən turnirdə Bakı Şəhər Baş Polis İdarəsi, Metropolitendə Polis Şöbəsi, eləcə də paytaxtın yol polisi daxil olmaqla ümumilikdə 15 komanda iştirak edib.

DİN İdman Cəmiyyətinin zalında baş tutan Sabunçu və Qaradağ Rayon Polis idarələri komandalarının final oyunu gərgin anlarla yadda qalıb. Sarı kartların çoxluğu ilə müşahidə olunan finalın ilk 20 dəqiqəsini Qaradağ RPİ-nin komandası məğlub başa vurub. İkinci hissədə daha inamlı oyun nümayiş etdirən Qaradağ futzalçıları rəqib komandanı üç dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Son saniyələrə qədər əzmkar mübarizə aparmasına baxmayaraq göy formalı (Sabunçu RPİ) top qovanlar 2:3 hesablı məğlubiyyətlə barışmalı olublar.

Yarışda Qaradağ RPİ-nin komandası I, Sabunçu RPİ-nin komandası II, Nərimanov RPİ-nin komandası isə III yeri tutub.
Qaliblər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et