Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

11.05.2022

Həyatı bahasına həyat qurtaranlar

Aprelin 28-də gecə saatlarında Sumqayıt şəhərindəki "Azərsun Sənaye Parkı”nda baş verən yanğının söndürülməsi əsl fədakarlıq idi. Yanğının digər ərazilərə keçməsinin qarşısı vaxtında alınmasaydı və ona müdaxilə edilməsi ləngisəydi bəlkə də ən böyük faciələrdən biri yaşanacaqdı. Hadisə ildırım sürətilə yayıldı və ölkə mediasının manşetinə çevrildi.

Ətraf mühitə və əraziyə yaxın məskunlaşmış sakinlərin həyatına ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələrin anbarlardan təhlükəsiz yerə daşınmasında, eləcə də həmin obyekt-də çalışanların təxliyəsinin həyata keçirilməsində polisin rolunu şahidlər sanki film anlatırmış kimi danışdılar.

Bu, əlbəttə, polisin müdaxilə etdiyi, həyat qurtardığı, dövlət əmlakının qorunması istiqamətində üzərinə düşən vəzifəni qanı-canı bahasına icra etdiyi ilk hadisə deyildi.
Məhz Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində yanğın barədə məlumatın aidiyyəti quruma ötürülməsi və hadisə yerinə gələcək texnika üçün yolların açılması, bir çox maneələrin aradan qaldırılması yanğının ram edilməsinə imkan verdi.

“Növbətçi hissəyə ötürülən məlumat anındaca operativ şəkildə qiymətləndirildi və biz vaxt itirmədən hadisə yerinə gəldik. Şübhəsiz ki, ilk müdaxilə tərəfimizdən oldu. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidməti hadisə yerinə gəldikdə polis onlarla birgə bütün gücünü yanğını söndürməyə səfərbər etdi. Yanğının söndürülməsi üçün əlavə qüvvələr də cəlb edildi. Polis və FHN əməkdaşları yanğının insan həyatı üçün təhlükəli olan maddələri əhatə etməməsi üçün sözün əsl mənasında həyatlarını riskə atdılar.

Yağla dolu 10, ammiakla dolu 11 çən tamamilə təhlükəsiz yerə aparıldı.” Bu fikirləri bizimlə bölüşən İdarə rəisi, polis polkovniki Fəqan Azadəliyev, bildirdi ki, mayın beşində ölkə başçısının sərəncamı ilə yanğının söndürülməsində vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və fədakarlıq göstərmiş polis və FHN əməkdaşlarının “İgidliyə görə” medalı ilə təltif edilməsi qürurverici idi.

Günümüzün qəhrəmanlarını tanıyaq və tanıdaq deyə onların adını qeyd etməyi özümüzə borc bilirik: polis baş serjantları Sədi Əhədzadə, Mirorxan Ağayev, Paşa Fərəcov, polis serjantları Yaqub Dadaşlı, Əli Qadir Əhmədov, Araz Cəfərov və polis kiçik serjantı Əli Məmmədov.
R.Vəliyev





Çap et  Çap et