Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

05.05.2022

Güclülər qalib gəldi

Bugünlərdə DİN-in Polis Akademiyasında DİN İdman Cəmiyyətinin təşkilatçılığı ilə parkur (maneələri keçmə) üzrə yarış keçirilib. Yarışda hər bir komandanın tərkibində 6 nəfər olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin, Polis Akademiyasının, Nəqliyyatda Baş Polis İdarəsinin, Diplomatik Nümayəndəliklərin Mühafizəsi Üzrə Əlahiddə Polis Taborunun, Əlahiddə Çevik Polis Alayının, Daxili Qoşunların Baş İdarəsinin, Baş Dövlət Yol Polisi İdarəsinin, DİN Baş Mühafizə İdarəsinin, Abşeron Rayon Polis İdarəsinin, DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin idmançı əməkdaşları iştirak ediblər.

Dövlət Himnimiz səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə açan Olimpiya çempionu, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova və Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovniki İlyas İsayev idmançıları salamlayaraq uğurlar arzulayıblar. Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd bu idman növünün DİO əməkdaşları arasında geniş yayılmasını təbliğ etməkdir.

Yarışla bağlı DİN İdman Cəmiyyətinin idmanın təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Munir Orucov “Polis”ə bildirib ki, birinci mərhələdə müəyyən edilmiş qaydalara əsasən komandanın hər bir üzvü 15 metr məsafədə olan hədəfə tapançadan ayaq üstə tək və ya cüt əllə 6 dəfə atəş açır və hədəfə dəyən hər xal ümumiləşdirilir. 2-ci mərhələdə isə hər bir iştirakçı 3 mərhələli tullanma, təkər aşırma, paralel qollar üzərində hərəkət, turnikdə dartınma, ziqzaqvari qaçış, kanatla qalxma və müxtəlif maneələri 260 metr məsafədə estafet şəklində qət etməlidir.

Gərgin keçən mübarizədə Polis Akademiyasının komandası birinci olub. DİN Daxili Qoşunların hərbi qulluçuları ikinci, Əlahiddə Çevik Polis Alayının komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov və İdman Cəmiyyətinin sədri, polispolkovniki Zemfira Meftahətdinova qalib komandalara kubok, medal, qiymətli hədiyyə və diplom təqdim ediblər.





Çap et  Çap et