Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.05.2022

Etibarlı mühafizə güvən yaradır

DİN Baş Mühafizə İdarəsinin paytaxtdakı bir neçə idarəsinin fəaliyyəti ilə bağlı hazırladığımız material onu deməyə əsas verir ki, indiyədək qorunan mənzil və obyekt sahiblərindən oğurluq cinayətlərindən zərərçəkənin olmaması özü-özlüyündə bir uğur göstəricisidir. Binəqədi rayonu da bu baxımdan istisna deyil. Yada salaq ki, bu rayonun Mühafizə İdarəsinin mənzil və obyektlərin mühafizəyə cəlb edilməsi istiqamətində fəaliyyəti də DİN-in Kollegiya iclasında “nəzərəçarpan fəaliyyət” kimi qeyd edilib.

İdarə rəisi, polis polkovniki Fuad Əliyev bunu rayon ərazisində aparılan geniş maarifləndirmə işinin nəticəsi kimi dəyərləndirir: “Məlumatlı vətəndaş əmlakını polisə etibar etməkdə tərəddüd etmir. Buna görə idarənin əməkdaşları vətəndaşları hər fürsətdə məlumatlandırmağa çalışırlar ki, bu da mühafizəyə qoşulma sayını artırır”.

Suallarımızı cavablandıran F.Əliyev bildirdi ki, cari ilin birinci rübünə olan göstəriciyə əsasən idarə tərəfindən 962 obyekt mühafizə edilir. Onlardan 925-i Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə qorunur və məntəqəyə qoşulmuş obyektlərin 511-ni mənzillər təşkil edir. Bundan başqa, 184 obyektdə yeni xidmət növü ilə mülkiyyətçilərlə müqavilə bağlanıb.
Hər bir mülkiyyətçi ilə bağlanmış yeni müqavilə, aydın məsələdir ki, özünümaliyələşdirmə sistemi ilə işləyən qurumun gəlirlərinin artması, rentabelliyin təmin edilməsi deməkdir. Bu isə idarənin əməkdaşlarının əməkhaqlarının və digər öndənişlərinin artımlarla birlikdə tam həcmdə ödənilməsinə imkan yaradıb.

Mənzillərin mühafizəyə qoşulması mülkiyyət əleyhinə yönələn cinayətlərin qarşısının alınmasında xüsus yer tutduğuna görə bir neçə ev sahibilə də həmsöhbət olduq: “Evim birinci mərtəbədə yerləşir, ona görə təxminən 5 il öncə pəncərəyə dəmir barmaqlıq bağlatdırıb, evə kamera qoydurdum. Buna baxmayaraq evimdən oğurluq oldu. Ondan sonra idarə ilə müqavilə bağladım, indi gecə-gündüz evimi onlar mühafizə edirlər. Hər hansı səbəbdən həyəcan siqnalı işə düşəndə belə 3 dəqiqəyə qapımın qarşısında olurlar”,- deyən Qalya Hüseynova mənzilə siqnalizasiya qoşulmasından xəbərsiz olan oğruların bundan sonra da qarətə cəhd etdiklərini, ancaq polislərin onun qarşısını aldıqlarını deyir.

Cinayətə cəhd edənlərin yaxalanması, post və marşurutlarda nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə zəruri maddi-texniki avadanlıqlarla, avtomobilərlə təmin edildiklərini deyən bölük komandiri, polis mayoru Samir İsmayılov bu ilin birinci rübü ərzində mühafizə olunan obyektlərdən 1 fakt üzrə oğurluğun qarşısının alındığını dedi. Onun sözlərinə görə, digər cinayət üzrə 4 nəfər, ümumi qayda pozuntusuna yol vermiş 11 nəfər saxlanılaraq ərazi polis orqanlarına təhvil verilib. Bundan başqa, 2 yanğın hadisəsinin qarşısı alınıb.
Yeri gəlmişkən, mühafizəyə qoşulma əmlak sahibini yalnız cinayət hadisələrindən sığortalamır, yanğın, hətta subasma hallarında belə “Həyəcən” siqnalı işə düşür və əmlaka zərər gəlməsi əngəllənir. Ötən günlərdə hüquqi şəxslərdən birinin subasmanın qarşısını vaxtında aldıqlarına görə Binəqədi RMİ-nin əməkdaşlarına təşəkkür etməsi də bunu təsdiq edir.

R.Mehtiyev





Çap et  Çap et