Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

21.04.2022

Yeni rekorda imza atdı

Gənclər və İdman Nazirliyi və Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Ölkənin ən güclü yüz atletinin iştirak etdiyi turnirdə Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş leytenantı Dadaş Dadaşbəyli 3 rekorda imza atıb. Belə ki, o, 109 kiloqram çəkidə birdən qaldırma hərəkətində 170 kiloqramın öhdəsindən gələrək sonuncu 165 kiloqram rekordu 5 kiloqram üstələyib. Atletimiz təkanla qaldırma hərəkətində 203 kiloqramı başı üzərinə qaldırmaqla əvvəlki 202 kiloqramlıq rekordu da arxada qoyub. Toplam 373 kiloqram (170+203) nəticə ilə baş leytenant D.Dadaşbəyli mövcud rekordu – 367 kiloqramı 6 kiloqram yeniləyib.
Yeri gəlmişkən, həmkarımız 2021-ci ildə Moskvada keçirilən ağır atletika üzrə Avropa çempionatında birdən qaldırma hərəkəti üzrə I yerə, ümumi nəticəyə görə isə III yerə layiq görülmüşdü.

İdman uğurumuzla bağlı daha bir xəbər Atıcılıq Federasiyasından gəldi. Aprelin 9-dan 13-dək keçirilən stend atıcılığı üzrə Federasiya kubokunun 1-ci mərhələsində paqondaşlarımız da atəş bacarıqlarını sınayıb. DİN Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunyov stend atıcılığında tapançadan 10 metr məsafədə rəqiblərinə şans verməyib. O, yarışın ən sərrast atıcısı adını qazanıb. Yarışdakı digər təmsilçimiz BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, polis baş leytenantı Regina
Meftahətdinova da inamla çıxış edib. Kəskin nişançımız qadınlar arasında dairəvi stend atıcılığında II yeri tutub.
Xatırladaq ki, R.Meftahətdinova DİN İdman Cəmiyyətinin rəisi, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinovanın qızıdır.

T.Əlizadə





Çap et  Çap et