Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.04.2022

Biləsuvar RPŞ-dən maraqlı təşəbbüs

Orta məktəblərdə şagirdlərlə polis əməkdaşlarının görüşlər keçirməsi artıq ənənə halını alıb. Heç şübhəsiz ki, maarifləndirici məqsədlə təşkil edilən bu tədbirlər, eyni zamanda polis-vətəndaş münasibətlərinin inkişafında bir növ, körpü rolunu oynayır. Biləsuvar Rayon Polis Şöbəsi bu baxımdan ən aktiv və yeni ideyalar həyata keçirməsi ilə seçilən şöbələrdən biridir.

Rayondakı məktəblilər arasında rəsm müsabiqələri keçirmək, onların yaradıcılıq imkanlarından, bacarıqlarından bəhrələnib zərərli vərdişlər və narkomaniya ilə mübarizədə gənclərin gücünə arxalanmaq özünü doğrultmaqdadır. Ancaq Rayon Polis Şöbəsinin əməkdaşları bununla kifayətlənməyib daha bir yeniliyə, təşəbbüsə imza atıblar. Buraxılış imtahanlarını yüksək nəticələrlə başa vuran məzunlarla görüşən həmkarlarımız onları Polis Akademiyasında yüksək səviyyəli təhsil almaqla, polis adını qazanıb Vətənə xidmət etmək kimi şərəfli missiyaya qoşula biləcəkləri barədə məlumatlandırırlar. Belə görüşlər artıq nəticə verməyə başlayıb. Belə ki, bu il 17 abituriyent DİN-in Polis Akademiyasına qəbul olunmaq üçün ərizə ilə müracit edib və hazırda onların sənədləri toplanır.
Bunun yaxın gələcəkdə yerlərdəki kadr potensialının elə yerli sakinlər tərəfindən komplektləşdirilməsi, eləcə də polisin nüfuzunun daha da artması baxımından təqdirəlayiq örnək olduğu göz qabağındadır.

R.Mehtiyev





Çap et  Çap et