06.02.2022
Xoşagəlməz “sürpriz”
Ölkəmizdə 5 ilə yaxın dizayner kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Siho Korkmazı, sözün əsl mənasında, Azərbaycan Polisi heyrətləndirib. O, marketlərin birindən alış-veriş etdikdən sonra evdə xoşagəlməz “sürprizlə” üzləşib. Məlum olub ki, 600 dollarını və 140 manatını naməlum şəraitdə itirib.
Vaxt itirmədən ərazi üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edib. Onu şəxsən qəbul edib dinləyən şöbə rəisi, polis polkovnik-leytenantı Azər Məmmədov əmin edib ki, məsələ qısa müddət ərzində öz həllini tapacaq.
Əvvəlcə Şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Fərrux Paşayev tərəfindən təhlükəsizlik kameraları incələnib.
Kamera görüntülərində S.Korkmazın marketdən çıxması, əlini cibindən çıxardıqdan sonra 600 dolları, 140 manatı yerə düşürdüyü və bundan xəbərsiz yoluna davam etdiyi əksini tapıb. Bu zaman yoldan keçən vətəndaşlardan biri pulu görüb götürür və ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarına təhvil verir...
Ertəsi günü S.Korkmaz şöbəyə dəvət olunub və pulu ona təqdim edilib.
Ruslan Vəliyev,
polis baş leytenantı