Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.01.2022

Tarix yazdı, tarixdə qaldı

Xalqımızın başına gətirilən müsibətlərdən biri kimi tariximizin hüzünlü səhifəsinə həkk olunmuş 20 Yanvar faciəsi onun dirənişini, mübarizə əzmini dünyaya nümayiş etdirdi.
O günlərdə azadlıq sevdası ilə alışıb yanan hər kəs bir qəhrəman idi, ancaq bu “alovun” sönməməsi üçün özünü oda-közə atıb fədakarlıq edənlərin tarixə düşmə haqqı, təbii ki, daha çoxdur. Eyni ilə polis polkovnik-leytenantı Varis Məcidov kimi.
O, 1954-cü ildə Göyçayda doğulub. 1977-ci ildə hərbi xidmətdə olduğu Rusiyanın Ulyanovsk şəhərinə gedib və orada milis məktəbini bitirib. Bu şəhərin dəmiryolunda əməliyyat müvəkkili işləyən həmkarımız milis kapitanı rütbəsinə qədər yüksəlib.
Bu, o dövrə təsadüf edir ki, SSRİ-nin çöküşü ilə barışmayan qüvvələr tərəfindən yanvar ayında Azərbaycana qoşun yeridilir, 19-dan 20-nə keçən gecə faciə baş verir, onlarla dinc sakin öldürülür, tutulanlar izsiz-soraqsız imperiyanın müxtəlif təcridxanalarına aparılıb həbs edilir. Varis Məcidovun xidmət etdiyi Ulyanovsk şəhərindəki Dİİ-nin təcridxanasına da aralarında ziyalıların, tanınmış şəxslərin olduğu 46 azərbaycanlı dustaq saxlanılırmış.
Həmkarımız çox nadir müsahibələrinin birində o günləri belə xatırlayırdı:
“Fevralın ilk günləri idi. Ulyanovsk istintaq təcridxanasının rəisi Gennadi Revin mənə dedi ki, Azərbaycandan 46 siyasi dustaq gətirilib, onlar rus ordusuna qarşı çıxıblar. Qan içində, pis vəziyyətdədirlər - qollarını, boğazlarını məftil kəsib. Biz Ulyanovskda 7 qardaş idik. Gəldim qardaşlarımın yanına ki, 46 nəfərlik yemək lazımdır. Yeməkləri hazırlayıb təcridxanaya getdim. Növbətçi qapını açdı. Onları görüb kövrəldim. Məndən Bakını soruşdular, dedilər, qəzetlər nə yazır? Onlara qəzet verdim. Sonra xahiş etdilər ki, kameraları açdırıb onları görüşdürüm. Revin narazılıqla da olsa kameraları açdı, bir-birləri ilə görüşüb qucaqlaşdılar. Bir də dedilər ki, Bakıda onların hara aparıldıqlarını heç kim bilmir. Mən onların ailə üzvlərinə zəng edib məlumat verdim. Telefon zənglərimi ailələr ağlaşma ilə qarşıladılar. Dedilər, biz elə bilirik onları ölüdürüb dənizə atıblar, yas mərasimləri veririk. İnanmırdılar mənə...”
Təcridxanadakı dustaqlardan biri də o günləri belə yada salacaqdı: “Ulyanoskda istintaq təcridxanasının rəisilə birgə tanımadığmız bir adam gəldi. Rəis dedi ki, bu sizin yerlinizdir. Biz 4 kamerada 46 nəfərdik. O, kameralara yemək, siqaret gətirmişdi. Sonra hər gün gəldi və hər gələndə də Ulyanovskda yaşayan azərbaycanlıların adından ərzaq gətirir, xoş sözlərlə bizə dayaq olurdu. Biz demək olar ki, onun hesabına salamat geri qayıtdıq”.
Bu “geri qayıtma” anında da polis kapitanı Varis Məcidov yenə onları öz himayəsinə alıb. Həmkarımız dustaqların Azərbaycana qatarla göndəriləcəyi halda, işgəncəyə məruz qalacağını bilib, öz şəxsi vəsaiti hesabına onlara həm qatar, həm də təyyarə biletləri alıb. Müvafiq qurumlara 46 azərbaycanlının qatar biletini təqdim etsə də, soydaşlarımızı Bakıya təyyarə ilə yola salıb.
20 yanvar günü Bakı küçələrində hadisələri lentə alan televiziya işçilərindən biri, kinorejissor, respublikanın xalq artisti Vasif Babayev də Ulyanovskdakı təcridxanada saxlanılıb. O, sonralar deyirdi ki, oranın hüquq mühafizə orqanları, bizi yenə əzablı "Stolıpin" vaqonları ilə Bakıya göndərmək istəyirdilər. Amma Varis Məcidov buna mane oldu. Bakıya, Binə aeroportuna zəng etdi ki, burada 50 nəfər dustaq var, aralarında çox tanınmış, hörmətli insanlar var, niyə axı onları dustaq kimi göndərək? Mümkünsə, təyyarə göndərin. Bakıdan cavab verdilər ki, yox, biz bunu edə bilmərik. Axır ki, yenə də Varis müəllim Bakıdan təyyarə sifariş edib öz vəsaiti hesabına bizi Vətənə yola saldı.
Aydın məsələdir ki, bu “səhvi” polis kapitanına bağışlanmır və ona təzyiqlər başlayır. Buna görə də doğma Vətəninə qayıdıb Kürdəmir RPŞ-də narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili olaraq xidmətini davam etdirir. Əfsuslar olsun ki, vətənpərvər polis polkovnik-leytenantı Varis Məcidov 2005-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et