Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

16.01.2022

Azərbaycan Qafqazın iqtisadi, siyasi və hərbi güc mərkəzidir

Qarabağ münaqişəsinin həllindən sonra etiraf etsələr də, etməsələr də dünyanın aparıcı gücləri Azərbaycana Qafqazın himayəçisi kimi baxmağa başladılar. Düzdür, NATO nəhəngi Türkiyənin xeyir-duasını alan Xəzərin sahilində ikinci bir türk dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətini sinirmək çətin olsa da, necə deyərlər, hökmü zaman deyil, Azərbaycan xalqı və onun prezidenti vermişdi. Bu gün siyasi proseslərin əqrəbini geriyə çevirmək istəyənlərin bütün cəhdləri boşa çıxır, məsələn Minsk qrupu kimi…
Sönmüş münaqişə ocaqlarını yenidən yandırmaq, bir az da obrazlı desək, “Ölü canları diriltmək” bəzi güclərin köhnə şakəridir. Üstündən qışlar, baharlar keçmiş “ərəb baharları” əslində, bunun bariz nümunəsidir. “Biz kimi istəsək güclü edərik, biz kimin istəsək qətlinə fərman verərik” hədəsinin hələ də qorxusunu bəzi dövlətlər canında hiss etsə də onu Azərbaycan reallığı kölgəsində qoyur, daha doğrusu, ondan qorxmamağın arqumentlərini yaradır.
Azərbaycan İkinci Vətən savaşında demək olar ki, təklənmişdi. Qarabağ münaqişəsinin həllində birbaşa cavabdehlik daşıyanlar təcavüzkarın tərəfində idilər. Öz yurd-yuvasından qaçqın və məcburi köçkün düşən bir milyon insanın hüququnun məhz işğalçı tərəfindən deyil, həm də onlar tərəfindən tapdanması dünyanın “güclü olan hər zaman haqlıdır” aksiomu ilə idarə olunmasını bir daha sərgilədi. Bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə çox səmimi şəkildə münasibət bildirib: “Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövr-
də belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil”…
Cənab Prezident haqlıdır, çünki Ermənistanın arxalandığı güclər münaqişənin uzanmasını və Azərbaycanın ərazi itkisi ilə barışmasını istəyirdilər. Məhz buna görə də beynəlxalq hüquq adlı “adı var, özü yox”la gözümüzü qorxudurdular. Və Qarabağ münaqişəsi başa çatdıqdan, Azərbaycan güclü tərəf olduqdan sonra beynəlxalq hüquq, insan haqları üzə çıxdı. Gülməlidir, deyilmi?
İkinci Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dünya siyasətində Qafqazın Lideri statusunu qazandı desək, yanılmarıq. Bunu böyük siyasi təşkilatlar etiraf edirlər. Qarabağda abadlıq-quruculuq işlərinə başlanılması həm də Qafqazda siyasi sabitliyin qurulması kimi də dəyərləndirilə bilər. Yəni daşı-daş üstə qoymaqla yıxılan evlərin yenidən tikilməsi dünyanın siyasət nəhənglərinə, böyük dövlətlərinə sülh üçün bir mesajdır. Gəlin, dünyanın evinin tikilməsinə Qarabağdan başlayaq…
Dünya Qarabağ mənzərəsini acgözlüklə izləyir və “Dəmir yumruğ”un yıxan deyil, onlardan fərqli olaraq quran gücünü də görür. Prezident İlham Əliyev faktlarla danışmağı sevir. Onun siyasi xəttində, bir sözlə, xarizmasında avantüraya yer yoxdur.
Ölkə başçısı vaxtla işləməyi bacarır. Onu necə dəyərləndirdiyinə də aydınlıq gətirir: “Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir".
O, həm də cəsarət örnəyidir. Bu cəsarəti isə o, qalib xalqından və danılmaz tarixindən alır. Media nümayəndələri ilə görüşdə tarixi həqiqətlərin yenidən dilə gətirilməsi bir deyil, bir neçə hədəfə varmaq istəyindən irəli gəlir: “Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var”.
Yeri gəlmişkən, bir neçə gün öncə xalqımızın yaddaşında özünə əbədilik qazanan, “Millət atası” kimi anılan Hacı Zeynalabdin Tağıyevin xatirəsinə göstərilən ehtiram da onun hər birimizə Vətən daşı olmaq üçün çağırışıdır.





Çap et  Çap et