Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.12.2021

Uşaqların yeni il sevinci

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 2 saylı uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü, o cümlədən Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Bayram tədbirini giriş sözü ilə açan DİN 2 saylı bağçanın müdiri Sevinc Məmmədəliyeva yola saldığımız ilin Azərbaycan xalqı üçün düşərli olduğunu, onların sabitliyin, asayişin etibarlı qorunduğu ölkənin, qalib xalqın övladları kimi böyüdüyünü sevinc və qürur hissi ilə vurğulayaraq hər iki bayram münasibətilə iştirakçıları təbrik edib. Bağça müdiri, eyni zamanda, şənliyin əlamətdar bir günə - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyinə təsadüf etdiyini də diqqətə çatdırıb.

“Yeni il” mahnısının sədaları altında zala daxil olan körpələr Həmrəylik Gününə və Yeni ilə aid müxtəlif musiqilər ifa edib, şeirlər söyləyiblər. Balacalar aktyorluq məharətləri ilə də tədbirə ayrıca rəng qatıblar.
Körpələrin “Şaxta Baba! Şaxta Baba!” şüarları ilə onları salamlayan Şaxta Baba sehrli çubuğu ilə şam ağacını işıqlandırıb. Tənbəl “panda”nın balacalarla rəqsi, məharətlərini göstərənlərə - şeir deyənlərə, gözəl rəqs edənlərə hədiyyələr təqdim etməsi şənliyi coşdurub.

P.S. 1991-ci ilin 16 dekabrında ulu öndər
Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi xalqımızın birlik simvoludur. İllər sonra bu birlik dəmir yumruğa dönüb 30 illik işğala son qoydu.

Teymur Əlizadə,
polis mayoru





Çap et  Çap et