Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.12.2021

Mübarizə birlikdə daha səmərəlidir

Polis cinayətkarlıqla və narkotiklərlə mübarizənin ön sırasındadır. Görülən işə, aparılan qətiyyətli mübarizəyə cəmiyyət də biganəlik nümayiş etdirmir və baxçadan ali məktəblərə qədər çalınan həyəcan təbili hər birimizi xilaskar olmağa səsləyir. Unutmayaq ki, şəxsiyyətlərin, dəyərlərin deqradasiyası gələcək üçün gözəl heç nə vəd etmədiyindən kütlə təfəkkürü ilə mübarizə aparmaq sonu görünməyən faciələrə yol aça bilər.
Zaman göstərdi ki, dövlətin gəncliyi qorumaq uğrundakı mübarizəsinin alt qatında həm də illərlə düşmən tapdağında qalan torpaqların xilas yolunu tezləşdirmək ideyası aparıcı xətt idi. Və bu baş verdi, zərərli vərdişlərlə, xüsusən də narkomaniya ilə mübarizə Mübarizləri, Poladları, Şıxəmirləri, Xudayarları yetişdirdi. Sağlam gəncliklə biz itirdiklərimizi, torpaqlarımızı geri qaytardıq.

Nəticə əldə edirik. Keçirilən görüşlər, maairfləndirici tədbirlər sabaha ümid yaradır. Elə bir neçə gün öncə M.Rəhim adına 7 saylı orta məktəbdə keçirilən tədbir haqqında təəssüratlarını yazıb göndərən 9-cu sinif şagirdi Səbinə Cənnətovanın məktubu gücümüzə güc qatıb bizi daha böyük əzmlə mübarizəni davam etdirməyə stimul verir.

“POLİS”in REDAKSİYASINDAN
Səbinə yazır: “Bir neçə gün öncə M.Rəhim adına 7 saylı orta məktəbdə keçirilmiş tədbir haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu, həm də bizim üçün ən yaddaqalan hadisələrdən biri oldu. Tədbirdə 6-cı və 9-cu sinif şagirdləri iştirak edirdilər. Qonaqlarımız “Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirov, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli, Mərkəzin üzvləri Adilya Yaqubova, Natiq Bədəlov, Yasəman Möhübbətqızı, Sima Babayeva və Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Samuray Abbasov idi. Tədbirin mövzusu sadə, eyni zamanda ölümcül təhlükəli idi - Narkotik. Sözün düzü, belə bir ciddi mövzunun bizə başa düşəcəyimiz şəkildə, hətta maraqlı yanaşma ilə izah edilməsi hər birimizin marağına səbəb oldu.

Tədbir iştirakçıları əvvəlcə bizə ölkəmizdə narkomaniya ilə bağlı vəziyyəti izah edib statistik məlumatları diqqətimizə çatdırdılar. Danışan rəqəmlər və faktlar bizi heyrətləndirmişdi. Deməli, gələcəyimizi sağlam görmək istəyiriksə birinci özümüzdən başlamalıyıq, yəni həm maariflənməli, həm də maairfləndirməliyik.
Bizə təkcə narkotikin zərərindən deyil, həm də insan həyatı üçün təhlükəsi barədə izah verdilər. Narkotikin təsirindən insan həm də dəli olmaq təhlükəsi ilə üzləşə bilər. Axı, narkotikdən asılı bir insanın düşüncəsində bir prinsip var, o da qısa müddətli xoşbəxtliyin yeni dozasını necə əldə etməkdir.

Tədbir ürəyimizcə oldu, qonaqlar bizə həyatda yalnız dürüst və çalışqan bir yolla irəliləməyə davam etməyi tövsiyə etdilər.
Yuxarıda adları çəkilən şəxslərin məktəbimizə gələrək bizi məlumatlandırdıqlarına, eyni zamanda öz hiss və emosiyalarımızı ifadə etməkdə sərbəst olduğumuzu bizə yenidən xatırlatdıqlarına görə minnətdarlığımı bildirirəm”.





Çap et  Çap et