Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

22.12.2021

Onlar da ön cəbhədədirlər Sağlamlığın keşiyində dayanmaq çətin, lakin şərəflidir

Cəmiyyəti canlı bir orqanizmə bənzətsək, cinayətkarları xəstəlik “daşıyıcıları” kimi ifadə edə bilərik. Bu zaman isə polislər xəyalımızda istər-istəməz xəstəliklə mübarizə aparan həkim obrazında canlanar. Ancaq sıralarımızda elə həmkarlarımız var ki, onlar haqqında danışarkən heç obrazlaşdırmağa gərək qalmır. Çünki həm polis mundiri, həm də ağ xalatları onları iki cəbhədə “vuruşan” gerçək qəhrəmana çevirir.

Çox güman, diqqətli oxucu söhbətin “paqon”lu həkimlərdən, tibb xidmətinin əməkdaşlarından getdiyini ilk sətirlərdən anladı. Odur ki, sözü çox uzatmadan, Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Bərdə Regional Həkim-Ambulatoriyasının son dövrlərdəki fəaliyyətinə nəzər salaq.
Əvvəlcə, onu qeyd edək ki, bölgədəki bir sıra polis şöbəsinin şəxsi heyəti həkim-ambulatoriyanın rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədovun rəhbərliyi ilə vaksinasiya olunublar. Artıq üçüncü dozalar vurulur. Əməkdaşların sağlamlıqlarının qorunması və xidmətin səmərəli təşkili məqəsdilə hələ aprel və may aylarından başlayaraq Bərdə, Yevlax və Tərtər rayonlarının polis şöbələrində peyvədlənməni regional tibb heyəti aparıb. Daxili Qoşunların bölgədəki hərbi hissələrində də DİN rəhbərliyinin müvafiq göstərişi ilə hərbçilərin peyvəndlənməsi həyata keçirilib.
Vaksinlərin vurulmasında şəxsən iştirak edən ambulatoriya rəisinin sözlərinə görə, tibb heyətinin pandemiya ilə mübarizəyə qoşulması ilə həmin rayonlara ayrıca həkim briqadası göndərilməsinə ehtiyac qalmayıb. Məhz bu fəaliyyətinə görə Bərdə Regional Həkim-Ambulatoriyası başqa regional qurumlardan fərqlənir.

Vətən müharibəsi ilə azadlığına qovuşan torpaqlarımızda xidmət edən əməkdaşlarımıza peşəkar tibbi xidmət göstərilməsi, lazımi preparatlarla təmin olunması da regional qurum tərəfindən diqqət mərkəzində saxlanılır. Bugünlərdə işğaldan azad olunan rayonlardakı daha 6 posta təcili tibbi yardım ləvazimatları, dərmanlar çatdırılıb. Daha öncə isə Ağdam və Şuşa şəhərində Vətən torpaqlarının keşiyini çəkən polis əməkdaşlarına zəruri ləvazimatlar verilib.

Regional xidmətin fəaliyyəti bununla da yekunlaşmır. Narkomaniya bəlasına qarşı təhsil müəssisələrində keçirilən maarifləndirici görüşlərdə həm həkim, həm də polis əməkdaşı kimi çıxış edən H.Məmmədov narkomaniyanın digər cinayətlərə rəvac verməklə yanaşı, QİÇS kimi ağır xəstəliklərin sürətlə yayılmasını stimullaşdırdığını, ailə dəyərlərinin məhvinə, mənəvi deqradasiyaya səbəb olduğunu gənclərə izah edir. Regional qurumun tibb heyəti Ağcabədi, Ağdam və Bərdədəki məktəblərdə, kolleclərdə bu qəbildən keçirilən görüşdə mütəmadi iştirak edir.

R.Mehtiyev

 





Çap et  Çap et