Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

17.12.2021

“Əsgər” qəzetinə, səngər qəzetinə təbrik

O, səngər qəzetlərindəndir. Hələ də səhifələrindən barıt qoxusu gəlir. Döyüşə-döyüşə illəri yola salıb. Sükanı etibarlı, həm də sözün kəsərini, gücünü bilənlərin əllərində olduğundan əsgər kimi ayıq-sayıq olub. Sinəsini geniş açıb həmişə qələbə soraqlı xəbərlərə. Şuşa dərdini, Laçın yarasını, Kəlbəcər ağrısını, Xocalı zülmünü, bir sözlə, yurd-yuva həsrətini misra-misra, cümlə-cümlə öyrədib ana qoynunun istisindən, ata əlinin tumarından ayrılıb səngərdə Vətəni qorumaq üçün düşmənlə üzbəüz, nəfəs-nəfəsə dayanan oğullara.
Onun nəşri əlamətdar hadisə idi. Unudulmadıqlarını, arxa cəbhənin yerində möhkəm durduğunu xatırladırdı döyüşən Vətən sevdalılarına. Bayrağımızın sancıldığı zirvəyə, azad olunmuş bir qarış torpağa belə “Əsgər” ayaq açırdı. Onu sevə-sevə oxuyurdular. Dilimizin, ideoloji xəttimizin qoruqçusu kimi imkan verməmişdi ki, siyasi təlatümlər, vəzifəyə gəlmək uğrundakı çəkişmələr, satanlar və ya satılmışlar səngərə ayaq açsın. “Əsgər”çilər bilirdilər ki, əgər bunlar olsa, əsgər səngərdə duruş gətirə bilməz, silahı sözünə baxmaz, nizam-intizam pozular və bəla qapını döyər.

“Əsgər”i ərsəyə gətirənlərin də qeyd etdiyi kimi onların etibar etdiyi, inandığı mənbə də elə səngərdə dayanan əsgərlər idi.
Daxili Qoşunların deyil, Azərbaycan ordusunun keçdiyi döyüş yolunun şahidi olan bu qəzet dünən olduğu kimi, bu gün də hərbi- vətənpərvərlik ideyasına sadiq qalır. Bu gün də o, sevə-sevə oxunur, rəngarəng mövzuları ilə göz oxşayır. Keçmişə güzgü tutmaqla “heç kim unudulmur, heç kim yaddan çıxmır” ənənəsinə sadiqliyini bir daha nümayiş etdirir.
İkinci Qarabağ savaşında da qəzet arzusunda olduğu, bəlkə də illərlə qələbə sorağı eşitmək istədiyi səngərlərdə əl-əl gəzdi. Neçə-neçə gəncin ruhuna qol-qanad verdi. Otuz illik həsrətə son qoyan 44 günlük müharibənin qələbə xəbərini manşetinə çıxardı. Şəhid xəbərlərinin ağrısına büründü, əlini, ayağını itirənləri yıxılmağa qoymadı, şəhid analarına, qazilərə “Vətən sağ olsun!” nidası ilə üzünü tutub səbr dilədi.
Yeni yaşın mübarək, əziz “Əsgər”imiz. Və qələmi süngüyə çevirən “Əsgər”çilər, zehniniz iti, sözünüz kəsərli olsun. Yazdıqlarınızın bir tarix olduğunu unutmayın. Vətən varsa, əsgər də, döyüşən oğullar da hər zaman olacaq. Odur ki, irəli, Azərbaycan “Əsgər”i.


Hafiz Təmirov,
polis polkovnik-leytenantı





Çap et  Çap et