Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.12.2021

Əməkdaşlarımız Türkiyədəki təhsillərini tamamladılar

Türkiyə Respublikası DİN Emniyet Genel Müdirliyi Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində (PAEM) məzun olan Azərbaycan Respublikası DİN-in 6 əməkdaşının buraxılış tədbiri keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Polis Akademiyasının rəisi, professor Yılmaz Çolak, Azərbaycan Respublikası DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanov, Akademiyanın professor-müəllim heyəti və məzunlar iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarından keçmiş Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra qonaqlara məzunların təhsil müddətindəki təlimlərini, fəaliyyətlərini, məşğuliyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Buraxılış mərasimində çıxış edənlər pandemiya səbəbindən təxirə salınan təlimin bu il avqust ayından etibarən yenidən start götürməsi, eləcə də ezam olunan əməkdaşların təhsilini uğurla başa vurması münasibətilə onları təbrik ediblər. Bildirilib ki, məzunlar qardaş ölkələrin DİN rəhbərlikləri tərəfindən onlara göstərilən etimadı doğruldaraq ötən müddət ərzində bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün səylə çalışaraq peşə vərdişlərinin sirrlərinə daha dərindən yiyələniblər. Məzunların qazandıqları təcrübənin cinayətkarlıqla mübarizədə, eyni zamanda, ölkədəki daxili sabitliyin, ictimai asayişin və təhlükəsizliyin təminində yüksək peşəkarlıq nümayiş etdirəcəklərinə əminlik ifadə olunub.
Tədbirin sonunda məzunlara diplom və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.
Məlumat üçün qeyd edək ki, bu il keçirilən müsabiqədə PAEM-in təkmilləşdirmə kursunda Azərbaycan Respublikası DİN-in 15 əməkdaşı təhsil almaq hüququ qazanıb.





Çap et  Çap et