Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.12.2021

Şəhidlərimizə ədəbi ərmağan Polis leytenantının növbəti kitabı oxucusuna qovuşdu

Azərbaycan Dillər Universitetində DİN-in Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərlinin “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib. 2016-cı il “Aprel döyüşləri” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yeni nəşrin təqdimatı ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə baş tutub.

Tədbiri giriş sözü ilə Universitetin Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov açaraq kitab haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, polis leytenantının kitabında tarixə “Dördgünlük müharibə” kimi daxil olmuş “Aprel döyüşləri”ndə şəhid olan 89 hərbçimiz haqqında məlumatlar, müəllifin şəhid ailələrlə görüşləri, qazilərilə müsahibələri, Prezident İlham
Əliyevin sözügedən hərbi əməliyyatlarla bağlı imzaladığı fərman və sərəncamları yer alıb.
Rektorun məsləhətçisi Anar Osmanlı tədbiri Polis Akademiyası ilə ADU arasında bağlanan dostluq memorandumunun növbəti uğuru kimi dəyərləndirib. Polis leytenantının ədəbi publisistik düşüncə sərgiləməsinə toxunan natiq müəllifin bundan sonra da böyük yaradıcılıq uğuruna imza atacağına inamını ifadə edib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov da kitabın ön sözünün müəllifi kimi çıxış edərək, İkinci Qarabağ müharibəsində qazanılan zəfərin təməlinin 5 il əvvəl “Aprel döyüşləri”ndə Lələ-Təpə yüksəkliyinin azad olunması ilə qoyulduğunu, həmin döyüşlərdə qəhrəmanlıqla vuruşmuş hərbçilərin, şəhidlərin Vətən tarixinə silinməz imza atdıqlarını deyib.

ADU-nun Pedaqogika kafedrasının müəllimləri Oktay Abbasov, Vidadi Bəşirov, Səbinə Əliyeva və Türkan Əliyeva kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Tədbirə qonaq qismində dəvət olunmuş şəhid Müşviq Orucovun atası Arif Orucov Azərbaycan Polisinin şəhidlərimizə sayğısından qürür duyduğunu deyib. Kitabın nəşri ilə bağlı maliyyə xərclərini qarşılayan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov isə şəhidlərimizlə bağlı belə bir kitabın ərsəyə gətirilməsini bütün şəhidlərimizin ruhu qarşısında mənəvi borc, hörmət və ehtiram olaraq qiymətləndirib.
Tədbir iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirən kitab müəllifi, polis leytenantı Aynur Səfərli o döyüşlərdə qəhrəmanlıq göstərən əsgərlərimizin gəncliyimiz üçün canlı vətənpərvərlik nümunəsinə çevrildiklərini, onların hər birinin ayrı-ayrılıqda qəhrəmanlıq dastanı yaratdıqlarını vurğulayıb. Sonda tədbir iştirakçılarına müəllifin imzasıyla kitab təqdim edilib.

R.Mehtiyev





Çap et  Çap et