Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.11.2021

Qaliblər sırasında...

Bugünlərdə Monteneqroda yeniyetmə və gənclər arasında Kikboksingin K-1 növü üzrə keçirilən Avropa çempionatı başa çatıb.
Yeniyetmələr arasında dünya və Avropa çempionu adını qazanan Emili Rzayeva DİN İdman Cəmiyyətinin yetirməsidir. O, 65+ kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlsə də, finalda hakimlərin ədalətsizliyi ilə qarşılaşıb. Belə ki, final döyüşündə onun Serbiyalı idmançıya vurduğu zərbələr, eyni zamanda, çəkidə qarşı tərəfin 15 kiloqram artıq olması nəzərə alınmayıb.

E.Rzayevanın ilk rəqibi Rusiya idmançısı olub. Onun üzərində inamlı qələbə qazanan idmançımızın ukraynalı rəqibi də məğlubiyyətlə barışıb. Moldova idmançısı da Emilinin qarşısında tab gətirməyib. Beləliklə, bütün rəqiblərini məğlub edən idmançımız K-1 turnirinin gümüş mükafatçısı olub.
Qeyd edək ki, Emili Rzayevanı bu yarışa boks üzrə Zaur Həbibullayev, kikboksing üzrə Elçin Eminov hazırlayıblar.

Yeri gəlmişkən, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayev övladının beynəlxalq yarışda ölkəmizi təmsil etməsi üçün göstərdiyi dəstəyə görə Bakı şəhər DYPİ-nin və İdman Cəmiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Ruslan Vəliyev,
polis baş leytenantı





Çap et  Çap et