Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

14.11.2021

Uzaq, yaşıl ada...

Ayrılıq bir dənizmiş, sən - uzaq, yaşıl ada... Tamam başqa ovqatı ifadə edən bu poetik misra elə bil Bakının Pirallahı rayonunun “əyninə” biçilib. Şəhərin mərkəzindən uzaq, dənizin içindəki rayonu sahilə təkcə bir körpü bağlayır. Körpüyə çatanda gözlərim yaşıllıq da axtarırdı ki, şeirdəki misrayla bənzərlik tam olsun, amma görmədim. Bəlkə də məyusluğuma təsəlli olsun deyə, düşündüm ki, yəqin adanın yaşıllığını payız əlindən alıb... müvəqqəti.
Bizi qarşılayan Pirallahı RPŞ-nin əməliyyat işləri üzrə rəsi müavini, polis polkovnik-leytenantı Elman Kazımov şöbə əməkdaşlarının cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması məqsədilə əzmlə xidmət etdiklərini vuğruladı.

Onun sözlərini hesabat dövrünün statistik göstəriciləri də təsdiq edir. Bu ilin 9 ayı ərzində rayon ərazisində qeydə alınmış 53 cinayətin açılması 97,7 faiz təşkil edib. Axtarışda olan 7 nəfərin 7-i də tutularaq istintaq orqanlarına təhvil verilib. Qanunsuz dövriyyədən isə 8 kiloqramdan artıq narkotik vasitə çıxarılıb ki, onun 2 kiloqramdan çoxu heroin olub.
Xidmət zamanı həmsöhbət olduğumuz PPXB-nin əməkdaşları - polis baş serjantları Amid Əsgərov, Ceyhun Nəcəfov və polis serjantı Pənah Həsənov inzibati ərazidə ictimai asayişin kobud pozuntusu ilə az qarşılaşdıqlarını deyirlər. Adadakı mühafizə edilən starateji obyektlərdə, inzibati ərazidə gecə-gündüz keşik çəkən PPXB əməkdaşlarının ayıq-sayıq xidmətinin nəticəsidir ki, qorunan ərazilərdə hər hansı ciddi insident baş verməyib.
Müsahibimiz olan ada sakinləri də asayiş keşikçilərinin fəaliyyətindən məmnun qaldıqlarını, onlarla qaynayıb qarışdıqlarını, hər müraciətlərinə həssas yanaşıldığını söylədilər. Məktəbin həyətində top qovan uşaqların həmkarlarımızı görcək toplaşıb onlarla şəkil çəkdirməsi də polisə səmimi ictimai münasibəti nümayiş etdirirdi.

Ərazidəki əməkdaşların xidməti postunu yoxlayarkən qarşılaşdığımız Pirallahı RPŞ PPXB-nin komandiri, polis mayoru Vaqif Mehdiyev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Sədərək rayonunda xüsusi təyinatlı dəstənin tərkibində döyüşüb, daha sonra isə Beyləqan, Füzuli, Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub, yaralanıb. Beş il döyüşdükdən sonra daxili işlər orqanlarında xidmətə başlayıb. İki ildir komandirdi.
Deyir, hava şəraitindən asılı olmayaraq əməkdaşların bayırda xidmət etməsi çətinliyin yalnız görünən tərəfidir. Cinayətkarla birbaşa üz-üzə qalan PPX əməkdaşlarından həm də vətəndaşlarla ünsiyyət zamanı yüksək nəzakət, diqqət və qayğı tələb olunur. Bu isə böyük məsuliyyət deməkdir. DİN rəhbərliyinin vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tələbləri xidmət əməkdaşlarının qarşısında əsas vəzifə kimi müəyyən edilib.
PPXB əməkdaşları kimi, sahə inspektorları da polis – vətəndaş münasibətini “inşa” edənlərdən hesab olunur. Sahə inspektorları, polis mayoru Asim Hüseynov və polis leytenantı Bəxtiyar Əzizov bunun səbəbini vətəndaşların istənilən mövzu ilə bağlı “uçastkovı”ya üz tutması ilə izah edirlər. “Biz sakinlərin polisə güvəndiyini gündəlik xidmətimizdə hiss edirik, görürük”,-deyən B.Əzizovun sözlərini həmkarı
A.Hüseynov da təsdiqləyir: “Hətta, polisə aid olmayan məsələlərin həlli ilə bağlı bizdən kömək istəyirlər. Onlar polisi özlərinə dayaq bilirlər. Övladı dərsdən yayınan valideynlər belə profilaktik söhbət aparmaları üçün sahə inspektorlarına müraciət edirlər”.
Qayıdarkən artıq Pirallahının “rəngi” barədə fikrim qətiləşmişdi. Axı təhlükəsizliyi təmin olunmuş ərazi dünyada şərti olaraq yaşıl rənglə göstərilir, adətən. Pirallahıda, dənizin ana torpaqdan ayrı saldığı bu uzaq, yaşıl adada da Azərbaycan Polisi əmin-aman həyatı, təhlükəsizliyi tam təmin edib.

Rəşad Mehtiyev,
polis baş serjantı





Çap et  Çap et