Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.11.2021

Akademiyada “Zəfər günü” DİN-in Polis Akademiyasında silsilə tədbirlər keçirilib

Noyabrın 8-də “Zəfər Günü” ilə bağlı keçirilən mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.
Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov bu əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi barədə ətraflı məlumat verib.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edildiyini qeyd edən polis polkovniki bu faktın dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlardan olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin yekununda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Qazilərlə kursantlar görüşüb
“Zəfər Günü” ilə bağlı ali təhsil ocağında Vətən Müharibəsinin qazilərilə də görüş keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Akademiyaya dəvət olunan DİN Daxili Qoşunlarının zabit və gizir heyəti, qazilər kursantlar qarşısında çıxış ediblər. Qazilərimiz Müzəffər Ordumuzun müharibədə göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları, xatirələrini bölüşüblər. Qeyd olunub ki, Vətən müharibəsi dövründə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşmiş xalqımızın fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu.
Tədbirdə kursantlar torpaqlarımızın azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, güc və qüvvət diləyiblər.

And içdilər
Bugünlərdə Polis Akademiyasında ixtisasartırma fakültəsində “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar arzulayıb və hər birinə daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə edib.
Çıxışında təhsildə aparılan innovativ islahatlara toxunan Akademiya rəisi bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda, daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Sonra kursu əla qiymətlərlə başa vurmuş polis leytenantları Bəkir Eyvazlıya, Pərvin Rüstəmova, Səməndər İsmayılova, Mahir Hacıyevə, Xəlil Sadiqova və Dəyanət Ağasəfliyə sertifikatlar təqdim edilib.
Məzunlar adından çıxış edən polis leytenantı Tural Qafarov təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirib.

 





Çap et  Çap et