Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.11.2021

“Yeraltı şəhər”i qoruyanlar...

Meqopolisə çevrilən Bakımızda nəqliyyat damarlarının arteriyası metrodur. Hər gün yüzminlərlə insan bu nəqliyyat vasitəsindən istifadə etməklə yerin üstündə itirdikləri vaxta yerin altında qənaət edirlər. Mənzil başına tez və rahat, həm də təhlükəsiz çatırlar.
Bu yeraltı səltənətdə çalışanların, eləcə də minlərlə sərnişinin təhlükəsizliyinin təmin olunmasında polisin gərgin əməyi var. Yerin üstündə olduğu kimi, “yerin altında” da onlar gecəli-gündüzlü, sayıq, peşəkar xidmət aparırlar. Metroda xidmət aparmaq, sözün əsl mənasında, fədakarlıq tələb edir. Çünki sel kimi gələn izdihamı yoxlamaq, təhlükəsizlik mühiti yaratmaq, şübhəli şəxsləri nəzarətdə saxlamaq asan iş deyil. Bu, ilk növbədə səbr, dözüm və peşəkarlıq tələb edir. Bir sözlə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları qarşıya çıxan hər çətinliyin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Görülən təhlükəsizlik tədbirləri ilə bağlı suallarımızı cavablandıran Metropolitendə Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Aleksandr İsmayılov dedi ki, stansiyalarda və digər inzibati ərazilərdə ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi məqsədi ilə müvafiq qabaqlayıcı tədbirlər görülür, əməkdaşlar arasında da mütəmadi maarifləndirmə işləri aparılır. “Hər gün bir milyona yaxın sərnişin məhz polisin yaratdığı təhlükəsizlik tədbirlərinə görə evindən çıxıb metrodan istifadə edir. Bu həm qürurvericidir, həm də məsuliyyətdir”.
"Baş verə biləcək hadisəni əvvəlcədən hiss etmək riskli peşə sahiblərində illər keçdikcə vərdiş halını alır",- deyən həmkarımız metronun təhlükəsizliyini qorumaq üçün müasir texnologiyaların üstünlüyünə diqqət çəksə də, baş verən hər hansı bir hadisə zamanı peşəkarların səriştəsi, çevikliyi qarşısında onların aciz qaldığını bildirdi.
Qeyd olundu ki, bu gün metropolitendə xidmət aparan polis əməkdaşlarının fiziki və psixoloji hazırlığına da xüsusi diqqət yetirilir. Peşə hazırlığı dərslərində qabaqcıl ölkələrin təcrübəsi öyrədilir və xidmətdə tətbiq edilir.
Yeri gəlmişkən, həmkarlarımızın bu ilin 10 ayı ərzində gördüyü işlər də qənaətbəxşdir. Müvafiq dövrdə metro stansiyalarında müxtəlif hüquq pozuntularına yol verdiklərinə görə ümumilikdə 1095 nəfər, axtarışda olan 734 nəfər saxlanılmış, 1 soyğunçuluq faktı qeydə alınmışdır. Həmkarlarımızın sayıqlığı nəticəsində qeydə alınmış narkotiklə bağlı 2 faktın üstü "isti izlər"lə açılmışdır. Stansiyalarda mütəmadi olaraq davam etdirilən nəzarət-profilaktiki tədbirlərlə 17 nəfər koronavirus xəstəsi saxlanılmış, barələrində müvafiq tədbirlər görülmüşdür.
Şöbənin taqım komandiri, polis baş leytenantı Xəyal Allahverdiyev isə bildirdi ki, xidmətin təşkilində vətəndaş məmnunluğu prioritetdir və vətəndaşlarla ünsiyyətdə həssaslıq nümayiş etdirilməsi qarşıya qoyulan ən ümdə vəzifələrdəndir.
Bu gün metroda həyat öz axarı ilə davam edir və mənzil başına tələsənlər bilirlər ki, yolda qalmayacaqlar...

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı





Çap et  Çap et