Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

26.10.2021

Daxili İşlər Nazirliyinin dəstəyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində insan alverinə qarşı təlimlər keçirilir

Yeni tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıtması ilə polis yenidən maarifləndirici tədbirləri aktiv formada davam etdirir. Artıq yerlərdəki polis şöbə və bölmələrin əməkdaşları tərəfindən təhsil ocaqlarında narkomaniya, zərərli vərdişlər və məişət zorakılığı mövzularında profilaktik tədbirlər keçirilir. Karantin qaydalarına əməl etməklə keçirilən görüşlərdə elə pandemiyadan qorunma üsulları, gigiyenik qaydalara riayət etməyin önəmi barədə də məlumatlar verilir.
Bakı şəhərində belə maarifləndirici tədbirlərə üstünlük verən paytaxt polisi bugünlərdə Sabunçu və Nizami rayonlarında görüşlər keçirib.

Sabunçu rayon ərazisində yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirdə Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Sabunçu RPİ İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Asif Məlikov, tələbə və müəllim kollektivi iştirak edib.
Şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandıran həmkarlarımız, onlara neqativ əməllərdən çəkinməyin, təhsilə, elmə, idmana maraq göstərmənin faydalarını izah ediblər. Gənclərin “ağ ölüm” təhlükəsindən qorunması, onların vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün görülən işlərdən bəhs olunan tədbirdə, polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizənin nəticələri diqqətə çatdırılıb.

Nizami rayonunun 210 nömrəli orta məktəbində də eyni mövzu ilə bağlı keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, Bakı şəhər BPİ və rayon polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Şagirdlər qarşısında çıxış edən həmkarlarımız uşaq hüquqlarının qorunması, onların yüksək təhsillə təmin olunmaları və vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdən danışıb, dövlətin gənclər siyasətinin uğurla davam etdirilməsi məqsədi ilə polisin üzərinə düşən vəzifələrdən, onların yerinə yetirilməsindən bəhs ediblər. Maarifləndirmə yolu ilə gəncləri hüquqazidd əməllərdən qorumağın polisin əlində əsas vasitə olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Digər çıxışçılar da narkomaniyanın fəsadlarından, siqaret və alkoqolizm, internetdə zorakılığı təbliğ edən oyunların zərərli vərdiş kimi təsirlərindən söz açıblar.
Tədbirlərdə şagirdlər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair videoçarxlar nümayiş olunub. Həmçinin məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların iştirakı ilə müzakirələr aparılıb.

Rəşad Mehtiyev,
polis baş serjantı

 





Çap et  Çap et