Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.10.2021

Təcrübə mübadiləsi edirik Polis Akademiyası beynəlxalq proqrama qatılıb

26 sentyabr - 1 oktyabr tarixlərində Afina şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi (CEPOL) tərəfindən Şərqi Avropa ölkələrindən, o cümlədən Azərbaycandan olan nümayəndələr üçün “TOPCOP” layihəsi çərçivəsində mübadilə proqramı həyata keçirilib. Tədbirdə ölkəmizi DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov təmsil edib.

Proqram çərçivəsində Yunanıstan DİN-in müvafiq qurumlarının rəhbərləri və təhsil müəssisələrinin məsul şəxsləri ilə faydalı görüşlər keçirilib. Görüşlərdə qarşı tərəfin təcrübəsi öyrənilməklə yanaşı Azərbaycanın müvafiq sahələr üzrə sahib olduğu təcrübə imkanları, habelə Azərbaycan DİN-in Polis Akademiyası barədə ətraflı məlumatlar təqdim edilərək, Akademiyanın yaranmasının 100 illik yubileyi ilə əlaqədar hazırlanmış videoçarx nümayiş etdirilib.
Keçirilən digər görüşlərdə insan alverinə qarşı mübarizədə qurbanların dindirilmə taktikası, dindirilmə iştirakçıları, habelə qurbanın dindirilmə otağının dizaynı və iştirakçıların davranışı kimi məsələlər müzakirə olunub.
Təcrübə mübadiləsi işgüzar və səmərəli şəkildə başa çatıb.





Çap et  Çap et