Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

07.10.2021

Tarixdə qalanlar

Tarixə “91-lər” kimi düşüblər. Yenicə qazandığımız müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz o çətin dönəmlərdə xalqın aydınları qaranlıqları yarmağın yolunu ulu öndəri ali hakimiyyətə dəvət etməkdə gördülər.
Millətin taleyini düşünərək özünü ölümün ağuşuna atan şəxsiyyətin Vətən qarşısındakı xidmətlərini görməzlikdən gələnlərə, ona hər addımda quyu qazanlara dərs vermək üçün “91-lər” o illərdə çox çətin və məsuliyyətli bir işin altına çiyinlərini verməklə, Azərbaycanı azadlığına qovuşdurduqlarının fərqində idilər. Və “91-lər”in birliyi ümummilli hərəkata çevrildi.
Bu gün haqq dünyasında olan, Birinci Qarabağ müharibəsi veteranı, məşhur 91-lərin üzvü Arif Rüstəmovu bizə yenidən xatırladan məktubla ötən illərə bir daha körpü saldıq. Bütöv bir tarixi dövrü özündə əhatə edən şəkillər köhnəlsə də məktubdakı “Bu uşaqlar indi daxili işlər orqanlarında xidmət edirlər” cümləsi elə bu yazının yazılması üçün, əslində, bir başlanğıc oldu. Məktub müəllifi ilə əlaqə saxladıq. O illərin xatirələrini bizimlə onun ömür-gün yoldaşı bölüşdü. Şəkildəki “uşaqları” da arayıb-axtarıb tapdıq. Tural və Ramin Rüstəmovlar acılı-şirinli tariximizin şahidləridirlər. Atalarının bu dövlətin var olması üçün “Qurtuluşa məhz ulu öndər zəkası ilə çatmağın yeganə yol olduğu” fikrini indi də eyni həyəcanla xatırlayırlar.
Polis mayoru Tural Rüstəmov 2010-cu ildə daxili işlər orqanlarında xidmətə başlayıb. Hazırda Nizami RPİ 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkilidir.
Polis kapitanı Ramin Rüstəmovun xidməti fəaliyyətindəki nailiyyətləri, təcrübəsi, peşəkarlığı, eləcə də yüksək nizam-intizamı nəzərə alınaraq vəzifədə irəli çəkilib. O, Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin rəis müavinidir.

Qardaşlarla görüşümüzdə əvvəlcə yaxın keçmişə boylandıq. Hələ uşaq ikən dövlətçilik naminə ataları ilə birgə apardıqları mübarizədə üzləşdikləri çətinlikləri, onlara edilən təzyiqləri Rüstəmovlar belə xatırlayırlar: “Ölkədə hərc-mərclik baş alıb gedəndə biz məktəbli idik. Atam Arif Rüstəmov da hamı kimi Heydər
Əliyevin Azərbaycana gəlməsi, vəziyyəti ələ alıb ölkəyə rəhbərlik etməsi üçün çox çalışırdı. Biz də bu mübarizədə atamızın yanındaydıq. Əlimizdə ulu öndərin portreti meydanlarda “Heydər baba, bizi xilas et!” şüarları səsləndirirdik. Buna görə qohumlarımız arasında ailəmizi qınayanlar, hətta qarşı çıxanlar da oldu. Mübarizə əzmimizi sındırmaq üçün məktəbdə yuxarı sinif şagirdlərinə bizi döydürmüşdülər. Hətta gözümüzü qorxutmaq məqsədilə Suraxanı rayonundakı həyət evimizi yandırmışdılar”,-deyən qardaşlar o gün, bu gün nə olursa-olsun daima haqqın, ədalətin yanında, haqsızlığın qarşısında duracaqlarına söz veriblər...
Bu gün onlar əyinlərindəki polis mundirinə, andlarına sadiqdirlər. İctimai asayişin, ictimai təhlükəsizliyin keşiyində mətin dayanır, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparır, vətəndaşların konstitusion hüquqlarını, qanuni mənafelərini hər cür hüquqazidd qəsdlərdən qoruyurlar.
Təhlükədə olanın yardımına yetişmək, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə gecəli-gündüzlü xidmət apardıqlarını bildirən həmsöhbətlərim dünən atalarının, bu gün isə özlərinin xalqın xidmətçisi olduqları ilə fəxr etdiklərini, DİN rəhbərliyi tərəfindən onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğuladılar.





Çap et  Çap et