Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.10.2021

Dastana dönən bir il 2020-ci ilin 27 sentyabrı Vətən tarixinin yenidən yazıldığı gündür

İkinci Vətən müharibəsi Ali Baş Komandanın və Ordunun xalq qarşısında hesabatı idi. 30 il düşmən tapdağında qalan torpaqların və ölkəmizin hər yerinə məcburi köçkün damğası ilə səpələnən soydaşlarımızın fəryadını dindirmək üçün ölümlə üz-üzə gəlmək vaxtının çatdığı demək idi ötən ilin sentyabrı.
Bir il öncə heysiyyatımızla oynayan, “Gücünüz çatacaqsa, gəlin torpaqlarınızı alın”,- deyən köçəryanlara, sarkisyanlara, ohanyanlara və paşinyanlara dərs vermək üçün silahımıza da sarıldıq, qəzəbimizə, nifrətimizə də.
Qələbəyə gedən yolun başlanğıcı səngərdə əsgərinə həyan olan general Polad Həşimovun şəhadəti oldu. Şəhid generalın səngərindən axışdı Azərbaycan xalqı kənd-kənd, şəhər-şəhər küçələrə, meydanlara. Vətən adlı bir canı yaşatmaq üçün 10 milyonluq xalq səs-səsə, nəfəs-nəfəsə, çiyin-çiyinə verdi. 30 il ruhumuzun, qəzəbimizin, hissimizin salındığı "lazım gələrsə" qəfəsini Ali Baş Komandanın hücum əmri darmadağın etdi.
“Sülh və danışıqlar yolu ilə Qarabağ məsələsi həll olunmalıdır”,- deyənlərə də dərs verməyin vaxtı çatmışdı. Güllədən sürətli addımlarla doğulduğu torpaqlara yürüyənlərin dilindəki “Allahu əkbər” məqamı Allah qatında olanların ruhuna salam idi.


Qafqazlarda ikinci bir Çanaqqala rüzgarı əsməkdəydi. Şuşa dağlarına canı dişində dırmanan və müqəddəs bayrağı Şuşa qalasına sancmaq üçün güllələrlə göz-gözə gələn bir ordunun əsgəri yıxılsa da, yaralansa da hədəfinə çatmaq naminə “Can vermərəm ölümə” deyirdi.
Əsl sahiblərinin isti nəfəsinə, doğma səsinə həsrət qalan torpaqların qoynunda bir yuvaya belə daş olmayan yad daşlarını təmizləməyə gəlmişdi 30 il öncə anasının qucağında qarlı aşırımlarda donan körpələr. “Sirli”, “sehrli”, adına "dastanlar" qoşulan düşmən ordusunu “Qır atımız, Dür atımız” olan bayraktarlar, haroplar pərən-pərən salmışdı.
“Dəmir yumruq” hayastanı silkələyirdi. Sonun belə olacağını gözləmirdilər. Yerdən, göydən ölüm yağırdı Xocalını oda qalayanların üstünə. Gəncəyə, Bərdəyə, Şuşaya atılan “İsgəndər”ləri də köməklərinə çatmamışdı. Vaxtilə onlara “qorxma-qorxma” deyənlərin özləri də qorxurdular, ürkürdülər. Çünki qarşılarında illər öncə əllərdəki ov tüfəngləri belə yığılan, rəzil duruma salınan Azərbaycan deyildi. Boyu dünyadan görünən, bayrağı ucalarda dalğalanan bir ölkə və “İrəvan da, Zəngəzur da, Göyçə də tarixi Azərbaycan torpaqlarıdır”,-deyən bir LİDER, “Müharibə bitməsin, döyüş davam etsin” nidası ilə Xəzərin sahilində Xəzərə dönən bir Xalq vardı düşmənlərin önündə.

Xisləti ölümünə yol açan düşmən havadarlarının köməyi ilə işlənmiş ssenariləri işə salmaq istəsə də işə yaramadı. Çünki ruhuna, iliyinə “Mən Azərbaycanlıyam!” kəlməsi hopmuş hər bir azərbaycanlı-rus, ləzgi, talış, udin, yəhudi, tat, inqloy və daha neçə-neçə Vətən sevdalıları torpağı qorumaq üçün ön sırada idilər. Məsciddə, Kilsədə, Senoqoqda Azərbaycan əsgərinə “Odda yanmaz, suda batmaz” olsun deyə dualar edilirdi.
Hələ bayraqları demirəm, qardaşlaşan, doğmalaşan, dünyanı bölmək istəyənlərin görmək istəmədiyi, ancaq sevdasına mələklərin belə qərq olduğu şanlı bayraqları.

Siyasət meydanında tək qalmadıq, təklənmədik. Özünü televiziya ekranlarının qəhrəmanı sanan, bir çox dövlət başçılarını, öz təbirlərincə desək, “susduran” “jurnalist”lər Müzəffər Ali Baş Komandanın səsləndirdiyi həqiqətlər, gətirdiyi arqumentlər qarşısında gülünc vəziyyətdə qaldılar. Həqiqəti hayqırdı da, pıçıldadı da cənab Prezident!...
Müharibənin ən qızğın çağlarında Xalqa səslənişində onun nə çəkdiyini bir Allah bilirdi, bir də özü. Vətən savaşının başlamasının ildönümü ilə əlaqədar Prezidentin Türkiyəli jurnalistlə müsahibə zamanı kövrəlməsi, yurd yanğısı ilə soydaşlarımızın Vətən nisgilini dilə gətirməsi Xalq, Dövlət naminə döyünən, onu daha da əzəmətli, yenilməz etmək üçün hər bir çətinliyə sinə gərən Dəmir Yumruq və kövrək ürək sahibinin səmimiyyətinin ifadəsi idi.
İtkisiz, Şəhidsiz Qələbə qazanılmır, torpaq işğaldan azad olunmur, bu, hər kəsə bəllidir.
Biz qələbə qazandıq, biz qalibik! Bu qələbəni bizlərə bu gün adı dilimizdə əzbər olan, xatirəsini hörmətlə və ehtiramla yad etdiyimiz şəhidlərimiz, əlini, ayağını, gözünü, bir sözlə, sağlamlığını itirən qazilərimiz bəxş etdilər. 2020-ci ilin sentyabrında Xalqımız Vətən dərsindən beş aldı və düşmənə elə bir dərs verdi ki, bunu tarix kitablarından Zəfər tariximizi oxuyan balalarımız öyrənəcəklər.
...Zəngəzur odumuza isinir. Kəlbəcərdən baxanda Göyçə üzümüzə gülümsəyir. Zaman gələcək ki, bizdən sonra gələnlərin “Biz bir can, bütöv Azərbaycanıq” nidası dünyanın hər yerindən eşidiləcək. O gün mütləq gələcək.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı





Çap et  Çap et