Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

27.09.2021

Dünən cəbhədə, bu gün asayişin keşiyində

DİN Baş İctimai Təhlükəsilik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunda xidmətə yeni qəbul olunmuş Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tabor komandirinin xidmət üzrə müavini, polis mayoru Elmar Babayev bildirib ki, ötən ilin sentyabrında başlayan Vətən müharibəsi qələbəmizlə başa çatdı və biz qalib xalq kimi XXI əsrə öz imzamızı atdıq: "Ali Baş Komandanın və ordu rəhbərliyinin müharibənin taleyini dəyişən taktiki gedişləri, Azərbaycan oğullarının gözlərini qırpmadan Vətən uğrunda canlarını fəda etmələri düşmən ordusunun məğlubiyyəti ilə nəticələndi. Cəmi 44 gün çəkən Vətən müharibəsindən sonra bütün dünya gördü ki, Azərbaycan Qafqazın ən güclü ordusuna sahibdir və heç bir güc onun qarşısında duruş gətirə bilməz”.

Vətən müharibəsində Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin qəhrəmanlığından bəhs edən DİN Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirov bunun artıq bir ənənə halını aldığına diqqət çəkib: “Birinci Qarabağ müharibəsində torpaqlarımız uğrunda şəhid olan Yuri Kovalyovun, Albert Aqarunovun, Anatoli Davidoviçin və digərlərinin haqq yolunun davamçılarını biz ikinci Qarabağ savaşında da gördük. Vətən müharibəsi şəhidi Denis Aleksandr oğlu Əliyevin timsalında bir daha şahidi olduq ki, bu torpaqda doğulub boya-başa çatan, milliyyətindən asılı olmayaraq hər bir kəs Azərbaycanı öz qanı, canı kimi sevir”.

Azərbaycanın multikultural dəyərlərə sayğı duyulan, tolerantlığa töhfələr verən, dilindən, dinindən asılı olmayaraq hər bir kəsin konstitusion hüquqlarına hörmətlə yanaşılan bir ölkə, ən əsası onların Ana Vətəni olduğunu vurğulayan Vətən müharibəsi iştirakçıları Timoşek Andrey Vasiliyeviç, Şuvayev Vitaliy Aleksandroviç, Elmar Namazov, Emin Zeynalov və Sübhan İsfəndiyarlı bundan sonra da onlara Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göstərilən etimadı doğruldacaqlarına, layiqli xidmətləri ilə daha böyük nailiyyətlər qazanmaq üçün səylə çalışacaqlarına söz veriblər.

 





Çap et  Çap et