Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

13.09.2021

Polis Akademiyasında “Bilik günü” qeyd olunub

Sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlaması və Bilik günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini professor-müəllim heyətinə, kursantlara çatdırıb və onları təbrik edib.
Bu qocaman təhsil ocağının keçdiyi tarixi inkişaf yolundan bəhs edən
C.Daanov Akademiyanın maddi-texniki bazasının formalaşmasının, daimi və dəyişən heyətin sosial şəraitinin yaxşılaşdırılmasının DİN rəhbərliyinin xüsusi nəzarətində olduğunu diqqətə çatdırıb.
Polis polkovniki Canpolad Daanov bu il əyani təhsil üzrə birinci kursa qəbul edilmiş 199 kursantdan 35-nin 600-dən, dörd nəfərin isə 650-dən yuxarı bal topladığını və onların məhz təhsil almaq üçün Polis Akademiyasını seçmələrini uğura gedən yolun başlanğıcı adlandırıb.

“Kriminalistika” kafedrasının rəisi, polis polkovniki Allahverdi Mahmudov Akademiyada daxili işlər orqanları üçün yüksək ixtisaslı, peşəkar kadr hazırlığı istiqamətində təlim-tədris prosesinin uğurla həyata keçirildiyini, respublikanın, o cümlədən bir sıra xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirildiyini, təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirildiyini qeyd edib.
Kursantlar adından çıxış edən beşinci kurs kursantı Rəşad Mehdiyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıldığını, gələcəyin ali təhsilli hüquqşünasları üçün Polis Akademiyasında yaradılan şəraitin əlaçı tələbələrin sayının ildən-ilə artmasının bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra bu il qəbul imtahanlarında 650-dən yuxarı bal toplayan 4 kursanta xatirə hədiyyələri, hüquq ədəbiyyatına aid kitablar, ötən tədris ilini əla qiymətlərlə başa vurmuş 5 kursanta “Əlaçı kursant”, idmanda qazandıqları uğurlara görə isə 4 kursanta “İdmançı kursant” döş nişanı təqdim olunub.
Tədbirə yekun vuran Akademiya rəisi, polis polkovniki C.Daanov kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, dövlətə, xalqa sədaqətli olmağı, müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi formalaşmağı tövsiyə edib.
Daha sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.





Çap et  Çap et