Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.08.2021

Yeni mövzularla gəlmişik...

“Asayişin keşiyində” jurnalının növbəti - 13-cü buraxılışı artıq oxucuların ixtiyarındadır. Bu məcmuəmizdə də ötən aylar ərzində ölkəmizin və daxili işlər orqanlarının həyatında baş vermiş olduqca önəmli hadisələri, ictimai maraq doğuran xəbərləri, tarixi faktları toplamışıq.
“Polis günü” ərəfəsində xidmətdə fərqlənən həmkarlarımızın ölkə rəhbəri tərəfindən mükafatlandırılması ilə bağlı imzalanmış sərəncamlar jurnalımızın ilk səhifələrindədir. Dövlət başçısının bu diqqəti bizim üçün, eyni zamanda, Azərbaycan Polisinin mövcud olduğu 103 illik mübarizə ilə yoğrulan tarixinə bir töhfə idi. Daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazovun jurnalda şəxsi heyətə ünvanladığı təbrikində də qeyd etdiyi kimi, bütövlükdə Azərbaycan Polisinin əməyinə verilən böyük dəyərin əyani ifadəsi kimi bu sərəncamlara yer vermişik.
Bizim üçün birlik, qayıdış, ləyaqət və musiqi bayramı olan, tarixi hadisə kimi yüz illər bundan sonra da xatırlanacaq “Xarıbülbül festivalı”nda Şuşadan dünyaya yayılan zəfər nəğmələrinin siyasi əhəmiyyətini, onun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu əzəli və əbədi yurdumuza səfərini, səfər zamanı Şuşa Bəyannaməsinin imzalanmasının sevincini ifadə etməkdən zövq almışıq.

Bundan başqa, Prezident İlham Əliyevin açılışını etdiyi Daxili Qoşunların “N” saylı hərbi hissəsində hərbçilərimiz üçün yaradılan şərait barədə, Qoşunların Ali Hərbi Məktəbində və Polis Akademiyasında 2020-2021-ci tədris ilinin buraxılışlarına həsr olunmuş təntənəli mərasimlərdən, eləcə də Daxili İşlər Nazirliyində keçirilən qəbullardan və cari ilin birinci yarısında cinayətkarlıqla mübarizənin vəziyyətinə həsr olunmuş Kollegiya iclasından müfəssəl məlumat almaq istəyən oxucularımız üçün sayımızda yetərincə məlumat vardır.
Nəfis tərtibatı ilə diqqət çəkən, mövzularla fotoların harmoniya təşkil etdiyi jurnalımızda bu dəfə çalışmışıq ki, sözün bitdiyi yerdə, həm də şəkillər “danışsın”. Diqqətli oxucu, yəqin ki, hər bir məqaləyə əlavə edilən məlumat xarakterli kiçik qeydlərlə qarşılaşanda bunun fərqinə varacaq, “sarı simə” toxunduğumuzu hiss edəcək.
Vətən müharibəsindən sonra azad edilən torpaqlar, oralara qayıdış kimi mövzular da bədii-publisistik üslubda işlənib. Oğlunun məzarını ziyarət etmək istəyən 84 yaşlı Güldəstə ananın müraciətinə müsbət cavab verən DİN-in köməkliyi ilə onun 29 illik həsrətdən sonra oğluna qovuşması, azad edilmiş ərazilərdə düşmənin mina tələsi yaratması kimi problemlər, qədim-qayım yerlərimiz üçün vuruşan Daxili Qoşunların hərbi qulluqçuları barədə yazılar oxucularımızda aydın təsəvvür yaradacaq.
Bu sayımızda DİN-in arxivi, sağlamlığımızın keşiyini çəkən hospitalımızdakı ağ xalatlı xilaskarlarımızın fəaliyyəti barədə məqalələrlə yanaşı, bədii-poetik nümunələr, tarixi faktlarla da tanış ola biləcəksiz.
Necə deyərlər, yazmaq bizdən, oxumaq sizdən.

 





Çap et  Çap et