Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

12.08.2021

Vaksinasiya davam etdirilir

 Koronavirus infeksiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaq üçün bu bəşəri bəlaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi bu gün də uğurla davam etdirilir.
Statistika göstərir ki, Azərbaycan peyvəndlənmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. MDB məkanında koronavirusa qarşı peyvəndlənmənin səviyyəsi barədə məlumatlara əsasən, regionda buna ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Ölkəmizdə iki ilə yaxındır ki, pandemiya ilə mübarizəyə daxili işlər orqanları da cəlb olunub.
Hazırda Daxili İşlər Nazirliyinin 1 və 2 nömrəli poliklinikalarında DİO-da xidmət edən əməkdaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi davam edir. Koronavirus infeksiyasının bütün ştammlarına qarşı ən effektli qoruyucu mexanizmin vaksinasiya olduğunu bildirən DİN 1 nömrəli Poliklinikasının Terapiya bölməsinin rəisi, polis mayoru Aynurə Hacıyeva “Polis”in suallarını cavablandırarkən deyib ki, cari ilin 6 ayı ərzində 1 nömrəli poliklinikada 10 mindən çox əməkdaşa birinci, 7 mindən çox əməkdaşa isə ikinci doza vaksin vurulub. Həkim terapevt əməkdaşların vaksinasiya prosesində iştirak etməsinin qənaətbəxş olduğunu da qeyd edib. O, əlavə edib ki, peyvənd hər birimizi bu bəlaya düçar olmaqdan qoruyur, həm də dövlətimizin virusla mübarizə strategiyasını daha da gücləndirir.
A.Hacıyeva onu da bildirib ki, poliklinikamızda xüsusi peyvənd otaqları var ki, burada həkimlər tərəfindən vaksinasiya olunandan sonra əməkdaşların səhhəti nəzarətdə saxlanılır.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı





Çap et  Çap et